Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda əsirlikdə intihar edən erməni hərbçinin məhkəmə-tibbi ekspertizasına Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri dəvət olunublar. Bunu şənbə günü Trend-ə respublikanın hərbi prokuroru Xanlar Vəliyev deyib.
"Əsirin intiharı ilə bağlı Hərbi Prokurorluğa məlumat daxil olan kimi BQXK-nın Bakı nümayəndəliyinə məlumat verilib və onlar müayinəyə dəvət olunublar. Hətta meyitin məhkəmə-tibbi ekspertizasına da təşkilatın nümayəndələri dəvət olunub", - hərbi prokuror bildirib.
Azərbaycanın Silahlı Qüvvələri tərəfindən saxlanılan erməni Manvel Mamikonoviç Sarıbekyan oktyabrın əvvəllərində intihar edib.
Ermənistan rəhbərliyi və erməni mətbuatı Sarıbekyanın ölümündə Azərbaycanı ittiham edib. Ermənistanın "Novosti-Armeniya" agentliyinin yaydığı məlumata görə, xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, erməni əsir öldürülüb.
Hərbi prokuror qarşı tərəfin bu ittihamını rədd edib.
"Bizim gizlədiləsi bir işimiz olsaydı, BQXK-nın nümayəndələrini müayinəyə dəvət etməzdik. Onlar əsirin ölümü ilə bağlı rəsmi sənəd istədilər, biz də verdik", - Vəliyev vurğulayıb.
Hərbi prokuror bildirib ki, Sarıbekyan müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.
Prokurorun sözlərinə görə, əsirin bədənində onu özünü asmağa məcbur edən hər hansı əlamət aşkar edilməyib. Hazırda fakt üzrə araşdırma aparılır və nəticəyə uyğun qərar qəbul ediləcək.
Bu il sentyabrın 11-də təxminən saat 17:00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət erməni təxribat qrupunun hiyləsi dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa çalışsalar da, onlardan biri - Manvel Mamikonoviç Sarıbekyan kəşfiyyatçıya aid bir sıra ləvazimatlarla birlikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən yaxalanıb. Digər 3 nəfər isə qaçmağa müvəffəq olub.
Onunla aparılan ilkin söhbət nəticəsində məlum olub ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub.