...

ATƏT sammitində heç bir istiqamət sona çatdırılmadı – Aleksey Vlasov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2010 18:43 (UTC +04:00)
Astana sammiti çox yüksək təşkilati-texniki səviyyədə keçdi və burada ATƏT-də sədrliyini çox yüksək notlarla başa vuran Qazaxıstanın böyük xidməti var.
ATƏT sammitində heç bir istiqamət sona çatdırılmadı – Aleksey Vlasov

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Astana sammiti çox yüksək təşkilati-texniki səviyyədə keçdi və burada ATƏT-də sədrliyini çox yüksək notlarla başa vuran Qazaxıstanın böyük xidməti var. Rusiyanın "Vestnik Kavkaza" analitik agentliyinin baş redaktoru, MDU-nin Tarix fakültəsinin dekan müavini Aleksey Vlasov bu fikirdədir.

"Astanaya böyük təşəkkürlər. 11 ildən sonra ilk dəfə ATƏT liderlərini bir yerə yığmaq həm Rusiya, həm Azərbaycan, həm də Qərbdə hörmət edilən Nursultan Nazarbayevin böyük uğurudur", - Trend-in Ekspert Şurasının üzvü Vlasov agentliyə müsahibəsində bildirib.

Son 11 ildə keçirilməyən ATƏT-in sammiti dekabrın 1-2-də Astanada Qazaxıstanın təşkilatda sədrliyi çərçivəsində keçirilir. Sammitə bütün üzv ölkələrin dövlət və hökumət başçıları gəlib.

"Lakin həmsədr ölkə hər şeyi etmək iqtidarında deyil və bundan sonra bu formatda görüşün keçirilməsi böyük sual doğurur", - politoloq hesab edir.

"Sammitdən məndə elə təəssürat qaldı ki, bir-birinə güzəştə getmək bəzilərinin gözlədiyindən daha mürəkkəb və uzun prosesdir. Mənim təəssüratlarım odur ki, gözlənilən nəticələrdən heç bir istiqamət sona çatdırılmayıb: nə ATƏT-in islahat məsələsi, nə lokal münaqişələr mövzusu, nə də Qırğızıstan və Əfqanıstanla bağlı böhrandan sonrakı nizamlama", - o bildirib.

Onun sözlərinə görə, Qazaxıstan və digər ölkələrin ATƏT-ə yeni inkişaf impulsunun verilməsində göstərdikləri səylərə baxmayaraq, hər şey bəyannamə üzərində qalır, belə ki, "yenidən yüklənmə" və Şərqlə Qərb arasında münasibətlərin yaxşılaşmasına baxmayaraq, münaqişəlilik azalmır. Buna sübut isə sammitin siyasi ab-havasına təsir edən "WikiLeaks"də dərc edilən materiallardır.

Məxfi materialların çap edilməsi üzrə ixtisaslaşan "WikiLeaks" saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-nə ötürülüb.

Vlasovun fikrincə, bundan başqa, ATƏT iqtisadi və ekoloji təhlükəsizlik kimi yeni risk və çağırışlara qarşı münasibəti axtarır və tapa bilmir. "ATƏT kimi təşkilat tez və effektiv tədbirləri hələ ki taplmayıb və nikbinliklə yerinə yetirilə biləcək yekun bəyannamə çətin ki nəyisə dəyişsin", - o hesab edir.

Politoloqun sözlərinə görə, Prezident Nazarbayev dəqiq anladı ki, ATƏT-in inkişaf imkanları iqtisadi təhlükəsizlik sahəsində daha fəal iş, maliyyə valyuta bazarları, beynəlxalq iqtisadiyyatda davranış qaydalarıdır.

"ATƏT-in bütün ölkələri vahid maliyyə qaydaları üzrə işləməlidirlər. Bunu ekoloji təhlükəsizlik haqqında da demək olar. ATƏT kimi bu növ inteqrasiya strukturları bu problemlərin müzakirəsi üçün dialoq meydançası olmaqdan ötrü mövcuddurlar", - Vlasov vurğulayıb.

Onun fikrincə, münaqişələrin nizamlanması məsələləri ATƏT üçün böyük problem olaraq qalmaqdadır.

"Hələ sammitdən əvvəl razılaşdırılması mümkün olan oyun qaydaları var. Gürcüstan və Abxaziya mövzusu Dağlıq Qarabağdan fəal müzakirə olundu. Həll üçün müəyyən imkanları olan Dağlıq Qarabağ münaqişəsi mövzusunu irəliyə aparmağa səy göstərmək əvəzinə, sammit Gürcüstan münaqişəsinin həllində ilişib qalıb", - ekspert vurğulayıb.

"Əslində sammitin özündə sıfırlı məbləğ imkanı ilə oyun gedir", - Vlasov bu fikirdədir.

"Bu onun göstəricisidir ki, Qərb ölkələrinin bəzi nümayəndələri sammitə Rusiyaya Gürcüstana göstərdikləri dəstəyi nümayiş etdirmək imkanı kimi yanaşıblar. Və nəticədə sammitdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demək olar ki, heç nəyə nail olunmadı", - o bildirib.

"Analitiklərin proqnozları 100 faiz özünü doğrultdu", - Vlasov əlavə edib.

"Dağlıq Qarabağa dair bəyanat niyyətlər haqqında növbəti bəyanat oldu. Sözsüz ki, bu, müsbət sənəddir, bəs bundan sonra nə olacaq? Beynəlxalq vasitəçilərin danışdıqları irəliləyişlər haradadır?" - Vlasov əlavə edib.

Onun sözlərinə görə, bu vəziyyətdə elə alınır ki, Rusiya effektiv işləmir, lakin Minsk qrupu təkcə RF diplomatlarından ibarət deyil. "Rusiya yalnız üzərinə birbaşa vasitəçi rolunu götürür, lakin Qərb işlərin həmrəylik şəraitində getməsini nümayiş etdirməyərək burada Rusiyanı dəstəkləmir", - ekspert düşünür.

"Sammitdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tez və uğurlu mümkünlüyü ondan əvvəlki səviyyədə qalır. Litva ATƏT sədri kimi diqqətini əsasən Gürcüstana cəmləyəcək. Litva siyasətçilərinik verdikləri bəyanatlardan aydın olur ki, onlar hansı mövzuları özləri üçün prioritet sayırlar", - Vlasov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti