Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyi Avropa Parlamentinin prezidenti Yeji Buzekə Ermənistan nümayəndə heyətinin Avropa Parlamentinin nümayəndələri ilə görüşü zamanı saxta materiallara əsaslanan filmin nümayiş olunması ilə bağlı etiraz məktubu göndərib. Bu barədə Trend-ə cümə günü ölkə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib.
Onun sözlərinə görə, sənəd Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə komitə sədrinin adına da göndərilib.
Məktubda Ermənistan tərəfinin bu növ təbliğat fəaliyyətinin yolverilməzliyinə də işarə edilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.