...

Azərbaycanlı deputat AŞ-ni bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpasında təsirli vasitələrdən istifadə etməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2011 23:54 (UTC +04:00)
AŞ bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpasında təsirli vasitələrdən istifadə etməlidir. Trend-in məlumatına görə, bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun qış plenar iclasında çıxış edən AŞ baş katibi Torbyörn Yaqlanda ünvanladığı sualında deyib.
Azərbaycanlı deputat AŞ-ni bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpasında təsirli vasitələrdən istifadə etməyə çağırıb

Fransa, Strasburq, 24 yanvar /Trend, müxbir A.Məhərrəmli/

AŞ bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpasında təsirli vasitələrdən istifadə etməlidir. Trend-in məlumatına görə, bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun qış plenar iclasında çıxış edən AŞ baş katibi Torbyörn Yaqlanda ünvanladığı sualında deyib.

 "AŞPA 1416 saylı qətnamə qəbul edib. Amma indiyə kimi bu qətnamənin müddəaları yerinə yetirilməyib. Bundan başqa, Ermənsitandakı 2008-ci il hadisələrinə dair də qurumun qətnaməsi var, amma Ermənistan buna da məhəl qoymur. Nəyə görə ermənilər tərəfindən insan haqlarına qarşı edilən bu ciddi pozuntulara AŞ tolerantlıq göstərir? Ermənistan indiyə kimi Azərbaycanın bir hissəsini işğal edib. Bu da qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına mane olur. 1416 saylı qətnamənin yerinə yetirilməməsi bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozur. AŞ bu vəziyyətin aradan qaldırılmasında hansı təsirli mexanizmlərdən istifadə edə bilər?", - Paşayeva deyib.

AŞ baş katibi cavabında AŞ-nin Dağlıq Qarabağ münaqişənin həllində hələ ki birbaşa rol oynamadığını bildirib.

 "Biz bu münaqişənin həll edilməsi ilə məşğul olmuruq. Bununla birbaşa ATƏT-in Minsk qrupu məşğul olur və bu məsələdə onlar qərar verə bilərlər. Çıxışımda qeyd etdiyim kimi, qanunun aliliyi prinsipi Avropada münaqişələrin həll edilməsinin ayrılmaz hissəsini təşkil edir və bu prinsipə insan haqlarına hörmət etmək istiqamətində bir vasitə kimi daha çox diqqət yetirmək lazımdır. Bu prinsip əlbəttə ki, Avropada bir çox dondurulmuş münaqişələrin həll edilməsinə kömək edə biləcək sülh strategiyasının tərkib hissəsinə daxildir. Bu gün AŞ Dağlıq Qarabağ münaqişənin həllində hələ ki, birbaşa rol oynamır", - baş katib qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti