8-9-cu abzasda Səməd Seyidovun fikirləri əlavə edilib (ilk xəbər 15:18-də yayılıb)
Fransa, Strasburq, 28 yanvar /Trend, müxbir A.Məhərrəmli/
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri əmindir ki, Alt  Komitənin bərpası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  həll olunmasında böyük rol oynayacaq.
"AŞPA Bürosunda Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti Azərbaycan  həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayacaq və biz də  bunun üçün əlimizdən gələni edəcəyik", - Trend-in məlumatına görə, cümə  günü jurnalistlərə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri,  deputat Səməd Seyidov bildirib.
Büro Alt Komitənin yenidən fəaliyyətə başlaması haqqında qərar verib və  İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xukla i  Kosta yekdilliklə (Ermənistan istisna olmaqla) Komitənin yeni sədri  seçilib.
AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsi təxminən bir il əvvəl qurumun  sədri Lord Rassel Constonun vəfatı ilə əlaqədar öz fəaliyyətini  dayandırmışdı. İyunun 21-də başlanan yay sessiyası çərçivəsində  Azərbaycan və Ermənistan nümayəndələri görüşərək, Alt komitənin  yaradılması məsələsini bir daha müzakirə ediblər. Lakin Ermənistan  tərəfinin qeyri-konstruktiv mövqeyinə görə Alt komitə fəaliyyətini bərpa  edə bilməyib.
Seyidov qeyd edib ki, Alt Komitənin tərkibinə hər ölkənin  həmməruzəçiləri, Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə  heyətlərinin həm iqtidar, həm də müxalifətdən olan millət vəkilləri  daxil olacaq.
Azərbaycan nümayəndə heyətinin sədri Büroda yalnız Alt Komitənin fəaliyyəti ilə bağlı məsələnin müzakirə olunduğunu deyib.
Səmədov bildirib ki, AŞPA-nın aprel sessiyasında Alt Komitənin  toplanması, fəaliyyətinin müzakirəsi və digər məsələlər gündəmdə olacaq.
Deputat deyib ki, Dağlıq Qarabağ üzrə Alt Komitənin yaradılmasının əsası  Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-da Azərbaycan nümayəndə  heyətinin rəhbəri olarkən qoyulub. 
"Prezident İlham Əliyev AŞPA-da nümayəndə heyətinin rəhbəri olarkən,  Dağlıq Qarabağla bağlı 1416 saylı  qətnamənin əsasını qoyub və o   qətnamənin daxilində 1-ci bənd Dağlıq Qarabağ üzrə Alt Komitənin  yaradılması ilə bağlı idi. Həmin komitə o vaxt yaradılıdı və fəaliyyət  göstərdi, öz səmərəsini verdi. Ancaq Komitəyə rəhbərlik etmiş  Lord  Rassel Consun vəfatından sonra Ermənistan onun fəaliyyətini dayandırmaq  və ümumuiyyətlə, bu Komitənin işini pozmaq və onun lazımsız olması  haqqında uzun müddət mübarizə apardı. Biz də öz növbəmizdə  mübarizə  apardıq. Öz mövqeyimizi  ortaya qoyduq. Alt Komitənin yaradılmasına çox  səylər göstərdik", - Seyidov deyib. 
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın  Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.  Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu  əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı  altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə  ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında,  Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh  danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və ətraf rayonların işğal  olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə  Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.