...

Rumıniyada Xocalı faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2011 14:29 (UTC +04:00)
Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Ruminiyadakı səfirliyindən məlumat veriblər.
Rumıniyada Xocalı faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Ruminiyadakı səfirliyindən məlumat veriblər.

Rumın-Amerikan Universitetində, eləcə də Buxarestin ən nüfuzlu və tələbə sayına görə fərqlənən Buxarest Universitetinin hüquq fakültəsinin binasında Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə yerli ziyalılar, Rumıniyanın Avropa İttifaqı institutlarında, o cümlədən Avropa Parlamentindəki təmsilçiləri, Rumıniyanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri, sabiq və hazırkı senatorlar, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmaları, İran azərbaycanlıları, Heydər Əliyev təqaüdü alan rumıniyalı gənclər, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq nümayəndəliklərin, insan hüquqları üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşları dəvət olunacaq.

Tədbir iştirakçılarını Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə əyani şəkildə tanış etmək məqsədilə tədbirin keçirildiyi binalarda Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto sərgi təşkil ediləcək. Həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ haqqında həqiqi faktlar" seriyasından olan kitabçalar, "Xocalı Soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)" adlı və rumın dilində çapdan çıxmış "Xocalı faciəsi" (səfirlik tərəfindən hazırlanmış materiallar əsasında), "Erməni mifi. Erməni ekstremizmi: Onun səbəbləri və tarixi məzmunu" (Erix Fayql) və "Erməni (mənimsənilmiş) xalq nağılları" (Kamran İmanov və Pol Polidor) kitabları yayılacaq.

Azərbaycanda səfərdə olarkən Qubada aşkarlanmış kütləvi məzarlığın şahidi olmuş və Rumıniyaya qayıtdıqdan sonra öz müşahidələri və təəssüratları əsasında "Qubadakı sümüklər" şeirinin müəllifi, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbyanın Xocalı faciəsi ilə bağlı Rumıniyanın nüfuzlu kütləvi informasiya vasitələrində müsahibə və məqalələri dərc ediləcək.

Eyni zamanda Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov və səfirliyin bir qrup əməkdaşı Rumıniyanın aparıcı yerli televiziya kanallarında - "Antena 1" və "Kanal B1"-də Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsi haqqında çıxış edəcək. Səfirlik tərəfindən hazırlanmış press-reliz Rumıniya Parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndəriləcək.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti