...

Azərbaycan öz ərazi bütövlüyünün pozulmasına heç vaxt razı olmayacaq - səfir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2011 07:27 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə razıdır, amma bu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Trend-in məlumatına görə bunu çərşənbə axşamı Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov Xocalı soyqırımına həsr olunmuş mühazirədə çıxışı zamanı bildirib.
Azərbaycan öz ərazi bütövlüyünün pozulmasına heç vaxt razı olmayacaq - səfir (FOTO)

İsveç, Stokholm, 23 fevral /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə razıdır, amma bu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Trend-in məlumatına görə bunu çərşənbə axşamı Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov Xocalı soyqırımına həsr olunmuş mühazirədə çıxışı zamanı bildirib.

"Azərbaycan heç vaxt öz ərazi bütövlüyündən imtina etməyəcək. Danışıqlar aparmaq imkanları tükənənə qədər, biz münaqişəni sülh yolu ilə həll etmək üçün var gücümüzü sərf edəcəyik", səfir İbrahimov Linçoppinq universitetinin tələbələri qarşısında çıxış edərkən deyib.

Azərbaycanlı diplomatın iki saatlıq mühazirəsi 1992-ci ildə Xocalıda erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən soyqırım aktına həsr edilib. Səfir Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğalı haqda söz açıb və bu hadisələrin kütləvi etnik təmizlənmə və azərbaycanlı qaçqınların axını ilə nəticələnməsini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hazırda energetika və iqtisadiyyat sahələrində regionda əsas partnyordur, və ölkənin Ermənistan istisna olmaqla bütün qonşü ölkələrlə yaxşı münasibətləri mövcuddur.

"Biz torpaqlarımızın iyirmi faizinin zəbt edən ölkə ilə əməkdaşlıq edə bilmərik. Münaqişə həllini tapana qədər Ermənistan yalnız zərər çəkəcək, çünki onlar regional iqtisadi layihələrdə iştirak etməkdən məhrum ediliblər", İbrahimov deyib.

Mühazirə zamanı dinləyicilərə "Xocalıya Ədalət" kampaniyası haqda məlumat verən kitabçalar paylanılıb.

Fevral ayının 26-da Stokholm şəhərinin mərkəzi meydanı olan Sergel Torq meydanında Xocalıda həyata keçirilən soyqırım aktına etiraz olaraq İsveçdə yaşayan azərbaycanlılar tərəfindən yürüş keçiriləcək.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktı həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti