...

Təfərrüatların yayılmaması AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt komitəsinin işinin səmərəliliyini artıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2011 19:19 (UTC +04:00)

Görülən iş haqqında informasiyanın az yayılması uğurun şərtidir. AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt komitəsinin yeni rəhbəri Xordi Ksukla i-Kosta belə hesab edir.

"Bu müddət ərzində [komitənin işinin yekunlarının ilin sonunadək açıqlanacağına qədər] mən çox danışmayacağam. Məhz bu, uğurlu fəaliyyətin şərtidir", - i-Kosta Panorama.am-a müsahibəsində deyib.

İspaniyanın Liberrallar Partiyasından olan deputat Avropa Şurası Parlament Assambleyasının Alt komitəsinə yanvarın 31-də AŞ PA Bürosunun iclasında komitənin fəaliyyətini bərpa etmək barədə qərar qəbul olunduqdan sonra təyin edilib.

Alt komitə 2005-ci ildən fəaliyyət göstərir, lakin onun sədri lord Rassel Consun vəfatından sonra komitənin fəaliyyəti dayandırılmışdı.

Münaqişələrin nizamlanması və vasitəçilik üzrə təcrübəyə malik olan i-Kosta əmindir ki, onun təyinatı tərəflərə qeyri-obyektiv yanaşma ilə bağlı ittihamı istisna etmək üçün edilib. Belə ki, o, Dağlıq Qarabağ məsələsində marağı olan tərəflərdən heç birini təmsil etmir.

AŞ PA-da ola bilsin ki, Cənubi Qafqaz regionu ilə daha yaxşı tanış olan parlamentarilər var, lakin onları Azərbaycan və Ermənistana qeyri-obyektiv yanaşmada ittiham edirlər.

"Mənim təcrübəm var, lakin mən iki tərəfin heç birindən fayda güdmürəm. Bu, mənim Alt komitənin sədri vəzifəsinə seçilməyimin səbəblərindən biridir", - i-Kosta bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Bir müddət əvvəl Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin başçısı, deputat Səməd Seyidov erməni tərəfinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətinin bərpa edilməsinə hər vəchlə mane olmağa çalışdığını bildirib. O deyib ki, Xordi Ksukla i-Kostaya Ermənistan nümayəndələrindən başqa hamı səs verib.

i-Kostanın sözlərinə görə, Alt komitənin yenilənmiş gündəliyi ilin sonunda il ərzində görülən işlər barəsində "rəy layihəsi"nin təqdim edilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti