Ukrayna, Kiyev, 25 fevral /Trend /
Kiyev şəhərində "Xocalı harayı" adlı rəsm sərgisi açılıb.
İslam Konfransı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Kiyevdə "ART Qalereya" sərgi salonunda Ukrayna Rəssamlar İttifaqının üzvü Rasim Seydimovun əsərlərindən ibarət "Xocalı harayı" adlı rəsm sərgisinin açılışı olub.
Sərgiyə qatılanlar ilk öncə Trend Beynəlxalq İnformasiya Agentliyi tərəfindən hazırlanmış "Sözün bitdiyi zaman" sənədli filminə baxıblar.
Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Mədəniyyət və informasiya departamentinin rəhbəri İlhamə Allahverdiyeva erməni vandalızminin dünya ictimaiyyətinə çatdırılmasında belə filmlərin və sərgilərin müstəsna əhəmiyyətindən danışıb.
Ukrayna Azərbaycanlıları Konqresi adından beynəlxalq təşkilatları və dünya birliyini Xocalı soyqırımına hüquqi siyasi qiymət verməyə səsləyən diaspora rəhbərlərindən İlqar Abbasov və Akif Gülməmmədov ermənistan dövlətinin Xocalı faciəsinə görə tarix qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.
Milli Məclisin deputatı Musa Qasımlı çıxışında bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirtdikləri işğalçılıq və soyqırım siyasətinə beynalxalq ictimaiyyət biganə yanaşmamalıdır.
"Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətində Ermənistan Prezidenti Serj Sarkisyan da iştirak edib. Təəssüf ki, beynəlxalq təşkilatlar bu fakta göz yumurlar və ikili siyasət yürüdürlər", - deputat deyib.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitunun direktoru İlham Məmmədzadə isə çıxışında bildirib ki, Xocalı soyqırımından 19 il ötməsinə baxmayaraq, beynəlxalq təşkilatların və dünya birliyinin hələ də bu faciəyə hüquqi-siyasi qiymət verməməsi tarixi ədalətsizlikdir.
"Xocalı faciəsi təkcə əlli milyon azərbaycanlının deyil, bütün dünyanın faciəsidir. Hesab edirəm ki, dünya birliyi ermənilərin belə bir dəhşətli soyqırım siyasətinə göz yummaqla tarix qarşısında bu faciəni törətmək qədər bir məsuliyyəti öz üzərinə götürüb", - Məmmədzadə vurğulayıb.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov bildirib ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Ukraynanın əyalət və şəhərlərində silsilə tədbirlər həyata keçirilib.
"İnanıram ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayacaq. Bu kampaniyada dünyada yaşayan bütün azərbaycanlı gənclər xüsusi fəallıq nümayiş etdirməklə vətəndaşlıq borcunu yerinə yetirməlidir", - Tahirov çıxışında deyib.
Ukraynada İncəsətin İnkişafına Yardım Fondunun direktoru Yuri Krulikovski bildirib ki, bu cür sərgilər zəruridir.
"Hazırkı və gələcək nəsillər üçün, bu cür halların bir daha təkrar olunmaması üçün zəruridir. Xocalı faktı unikaldır. Heç bir siyasət, heç bir milli problem bu cür dəhşətli faktlara gətirib çıxara bilməz", - Krulikovski deyib.
Tədbirdə çıxış edən Emil Hüseynli deyib ki, on il öncə Dağlıq Qarabağ haqqında demək olar ki, heç bir məlumata malik olmayan dünya birliyi Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət nəticəsində bu gün ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı hayata keçirdikləri işğalçılıq və soyqırım siyasətini tanımaq məcburiyyətində qalıb.
"İnanıram ki, belə tarixi filmlərə baxan hər bir insan beynəlxalq aləmdə yazıq və məzlum libasına bürünən erməni maskasının altında nələrin gizləndiyini asanlıqla görə bilir", - Hüseynli bildirib.
Onun sözlərinə görə, həyatlarını uydurma və yalan üzərində quran erməni xalqı başa düşməlidir ki, bu gün dünya ölkələrinin mədəni-siyasi həyatına inamlı inteqrasiya yolunu tutan Azərbaycan gəncliyinin sağlam və ədalətli düşüncələrinin qarşısında ifşa olunacaq.
"Sözün bitdiyi zaman" sənədli filmi Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun layihəsi çərçivəsində Trend BİA tərəfindən yaradılıb.
Filmdə, ilk növbədə ermənilərin uzun illər boyu azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi xronologiyası təqdim olunub. Eyni zamanda, erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı törədilən vəhşiliklər barədə məlumat verilib, erməni vəhşilklərinin şahidləri danışdırılıb.