...

ABŞ dövlət katibinin müavininin Azərbaycan və Ermənistana səfəri regionda gərginliyin azalmasına yardım məqsədi daşıyır - Dövlət Departamenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2011 11:50 (UTC +04:00)

ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberqin Azərbaycan və Ermənistana səfəri regionda gərginliyin azalmasına, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım məqsədi daşıyır. Bunu cümə axşamı ABŞ dövlət katibinin ictimaiyyət və mətbuatla əlaqələr üzrə köməkçisi Filip Krouli xarici jurnalistlər üçün brifinqdə bildirib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yazır.

Onun sözlərinə görə, Barak Obama administrasiyası istəyir ki, Cənubi Qafqaz dövlətləri "sərhədlərin açılması ilə bağlı aralarındakı fikir ayrılıqlarını normala daha yaxın münasibətlər qurmaqla nizamlasınlar". Lakin Vaşinqtonda etiraf edirlər ki, "bu proses son il ərzində və ya ona yaxın müddətdə yerində fırlanıb", ABŞ xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri bildirib. O, bununla əlaqədar qeyd edib ki, Staynberqin Azərbaycan və Ermənistana səfərinin məqsədlərindən biri ABŞ-ın "bu ölkələr, eləcə də regiondakı digər dövlətlər arasında çoxdan bəri mövcud olan narahatlıq və ziddiyyətlərin aradan qaldırılması üsullarının tapılmasına təşviq etmək üçün onlarla fəal qarşılıqlı fəaliyyət göstərmək" niyyətidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Eyni zamanda, ABŞ "bu işə cəlb olunmuş ölkələrin özlərindən artıq nəsə istəyə bilməz", Krouli Ankara ilə Yerevan arasında əlaqələrin normallaşdırılması ilə bağlı dayanan prosesi də nəzərdə tutaraq qeyd edib. "Biz şübhəsiz ki, gərginliyin azaldılması yollarını tapmağa cəhd edəcəyik, proseslərin irəliyə hərəkət etməsinə kömək göstərəcəyik. Lakin biz anlayırıq ki, bu mərhələdə vəziyyət mürəkkəb olaraq qalır", - amerikalı diplomat bəyan edib.

Xəbər lenti

Xəbər lenti