...

Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanması Ermənistan üçün faciədir – azərbaycanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2011 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir T.Hacıyev/

Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanması Ermənistan üçün faciədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Hazırda bu ölkədə sosial durum ağır vəziyyətdədir. İqtisadiyyat günü-gündən çökür. Bununla yanaşı, Qarabağ Erməniləri ilə ermənistanlılar arasında qarşıdurma var. Ermənistana İrandan başqa yardım göstərən yoxdur", - o, əlavə edib.

Politoloq hesab edir ki, Ermənistanın Rusiyaya qarşı dayanması Rusiyanın beynəlxalq imicinə də təsir edir.

"SSRİ dağıldıqdan sonra ABŞ Rusiyanın ərazi bütövlüyünü olduğu kimi tanımışdı, lakin bir müddət öncə Birləşmiş Ştatlar Kuril adaları məsələsində Rusiyanın ərazi bütövlüyünü şübhə altına alan bəyatanlar səsləndirdi. ABŞ da Rusiyanın gücünün zəiflədiyini görür. ABŞ hesab edir ki, əgər Rusiya Ermənistan kimi bir ölkənin qarşısında aciz qalıbsa, deməli Ermənistandan daha güclü dövlətlərə qarşı dayana bilməyəcək", - Əhmədoğlu vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti