Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir K.Zərbalıyeva/
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyinin əməkdaşları erməni əsirliyində olan Azərbaycan əsgərlərinə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, başçəkmə zamanı əsirlərin saxlanma şəraiti, səhhəti ilə maraqlanıblar.
BQXK-dan başçəkmənin təfərrüatları barədə məlumat verilməyib.
Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov bu il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
Azərbaycanda isə 12 nəfər Ermənistan vətəndaşı əsir və girovluqda saxlanılır.
Ötən il oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə deyilir: "Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər".
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.