...

Prezidentlərin Soçi görüşündə Ermənistanın mövqeyində az da olsa müsbət dəyişiklik hiss olunub - Novruz Məmmədov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2011 13:41 (UTC +04:00)
Rəsmi Bakı prezidentlərin Soçi görüşündə Ermənistanın mövqeyində az da olsa müsbətə doğru dəyişiklik hiss olunduğunu bəyan edib.
Prezidentlərin Soçi görüşündə Ermənistanın mövqeyində az da olsa müsbət dəyişiklik hiss olunub - Novruz Məmmədov

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Rəsmi Bakı prezidentlərin Soçi görüşündə Ermənistanın mövqeyində az da olsa müsbətə doğru dəyişiklik hiss olunduğunu bəyan edib.

"Ümumiyyətlə, budəfəki görüş haqqında qeyd etmək lazımdır ki, bu görüş təxminən bir il yarıma yaxın müddət ərzində Ermənistan tərəfinin danışıqlar prosesində tutduğu mövqedən müəyyən dərəcədə, az da olsa fərqlənir. Çünki bu günə qədər Ermənistan tərəfinin bu danışıqlar prosesində tutduğu mövqe tam destruktiv xarakter daşıyırdı, indi burada bir fərq artıq görünməkdədir, müsbət mənada bunu azacıq da olsa qiymətləndirmək olar", - bunu bazar ertəsi Trend-ə müsahibəsində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Məmmədov bildirib ki, Rusiya Prezidentinin təşkilatçılığı və iştirakı ilə Soçidə keçirilən görüş nəzərdə tutulduğu kimi baş tutdu.

"Əvvəlcə Rusiya Federasiyası, Azərbaycan və Ermənistan prezidentləri görüşdü, sonra xarici işlər nazirlərinin iştirakı ilə fikir mübadiləsi və müzakirələr apardılar, daha sonra görüş nahar yeməyi ətrafında geniş müzakirə edildi. Onlar qurtarandan sonra isə prezidentlər ayrıca hər biri Minsk qrupunun həmsədrləri ilə görüş keçirdilər", - PA rəsmisi əlavə edib.

Məmmədovun fikrincə, Ermənistan tərəfinin mövqeyində az da olsa müsbətə doğru dəyişikliyin olmasının müəyyən səbəbləri var.

"Düşünürəm ki, bu müddət ərzində Ermənistan rəhbərləri gördülər ki, onların tutduğu mövqe belə gedərsə, heç vaxt onlara uğur gətirə bilməyəcək və onların müəyyən planlarını da alt-üst edəcək. Çünki Azərbaycan tərəfi həddən artıq ədalətli mövqe nümayiş etdirib, konstruktiv mövqe nümayiş etdirib və münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılması üçün çalışır. Ola bilsin ki, Ermənistan tərəfi bu təhlilin nəticəsində mövqeyində müəyyən dəyişiklik etmək niyyətindədir", - Məmmədov deyib.

PA rəsmisi Rusiya Prezidentinin Dağlıq Qarabağ probleminin həllində aktivlik nümayiş etdirməsinin Ermənistan tərəfinin mövqeyində müəyyən dəyişikliklərin olmasına təsirini də istisna etmir.

"Rusiya Federasiyasının, Minsk qrupunun həmsədri olan dövlətlərdən birinin prezidentinin il yarım ərzində özünün xüsusi iştirakı ilə bir neçə görüşü təşkil etməsi özü də müəyyən mənada, düşünürəm ki, mühüm bir faktordur. Çünki belə bir böyük dövlətin, həmsədr dövlətin hər iki dövlətlə sıx əlaqədə olan ölkənin prezidentinin bu qədər görüşləri keçirərək heç bir nəticəyə nail olmaması da nədənsə xəbər verə bilər. Bunun da mən düşünürəm ki, əhəmiyyəti oldu. Ona görə də bu görüşü əvvəlkilərdən müəyyən qədər fərqləndirirəm", - Məmmədov deyib.

Onun sözlərinə görə, Həştərxan görüşünün davamı olaraq prezidentlərin yenə bir bəyanatı qəbul edildi, bu bəyanatda da iki məsələ qeyd olunurdu - biri hərbi əsirlərin dəyişdirilməsi, qaytarılması, ikinci məsələ isə müəyyən insidentlər baş verərsə, təmas xəttində onların ətrafında araşdırma apararaq həmsədrlərin də iştirakı ilə müəyyən bir nəticələr, qərarlar qəbul etməkdir.

"Lakin Ermənistan kütləvi informasiya vasitələrində bu bəyanatla bağlı erməni tərəfinin özlərinin istədiyi kimi yozma və şərh etmələrini müşahidə edirəm. Amma bu, heç də belə deyil, bəyanatda Azərbaycanın sülhə zəmanətlə bağlı heç bir öhdəliyi yoxdur və ola da bilməz. Müharibə etməmək, yəni sülh zəmanəti torpaqlarımızın tam azad olunmasından sonra mümkün ola bilər. Azərbaycan Prezidentinin qəti mövqeyini belə hesab edirəm", - Məmmədov deyib.

"Soçi razılaşmasını gələcək görüşlərdə konstruktiv danışıqların aparılması üçün bir başlanğıc hesab etmək olarmı" sualına cavabında Məmmədov bildirib ki, konstruktiv danışıqların aparılması yenə də Ermənistan tərəfinin mövqeyindən asılı olacaq.

"Görürsünüzmü, Soçi bəyanatında olmayan şey haqqında bu cür fikirlərin söylənilməsi bir tərəfdən sizin dediyiniz suala şübhə ilə yanaşmaq üçün əsas yaradır. Amma eyni zamanda sizin dediyinizə müsbət cavab vermək üçün bu ilin yayına kimi gözləməliyik. Çünki həmsədrlərlə görüşlərdə prezidentlər tapşırıqlarını verdi, həmsədrlər də o istiqamətdə müəyyən iş aparıb, bu indiki, kiçik də olsa, fərqin hansı istiqamətdə inkişaf edəcəyi üçün öz səylərini ortaya qoymalıdır. Biz də təxminən yaya qədər siz verdiyiniz suala cavab olaraq proseslərin hansı istiqamətdə inkişaf etməyinin şahidi olacağıq", - Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti