...

Ermənilərin 9 yaşlı azərbaycanlı uşağı öldürməsi İsveç parlamentinin diqqətinə çatdırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2011 21:12 (UTC +04:00)
Ermənilərin 9 yaşlı azərbaycanlı uşağı öldürməsi İsveç parlamentinin diqqətinə çatdırılıb
Ermənilərin 9 yaşlı azərbaycanlı uşağı öldürməsi İsveç parlamentinin diqqətinə çatdırılıb

Azərbaycan, Bakı, 11 mart /Trend/

9 yaşlı Ağdam rayonu Orta Qərvənd kənd sakini Bədəlov Fariz Arif oğlunun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən güllə ilə vurularaq öldürülməsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırım siyasətini daha qəddar üsullarla davam etdirdiyini göstərir. Bu fikir bu gün İsveçin Azərbaycan diaspor təşkilatlarının bu ölkənin 1 il əvvəl martın 11-də qondarma "erməni soyqırımı"nı tanımasının ildönümü münasibətilə keçirdikləri etiraz aksiyasında səslənib. Bu barədə diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Stokholmda parlament binası qarşısında keçirilən etiraz aksiyasında İsveç Azərbaycan Federasiyası, İsveç Azərbaycanlıları Konqresi, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, türk icmasının nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları İsveç parlamentini qondarma "erməni soyqırımı"nı tanıdığına görə qınadıqlarını qeyd edərək, əslində soyqırıma Azərbaycan xalqının məruz qaldığını və ermənilərin törətdikləri əməllərə görə cəzasız qalmaları səbəbindən azərbaycanlılara qarşı soyqırımın bu gün də davam etdirildiyini vurğulayıblar.

Aksiya iştirakçılarının 5 nəfərdən ibarət nümayəndə heyətini İsveç parlamentinin vitse-spikeri Ulf Kristersson qəbul edib. Görüşdə İsveç parlamentinin qondarma "erməni soyqırımı"nı tanımasına etiraz bildirilib. İsveç Azərbaycan Federasiyasının sədri Səttar Sevigin Fariz Bədəlovun Ermənistan snayperi tərəfindən öldürüldüyü barədə məlumat verib. "ATƏT-in Minsk qrupunun, ATƏT sədrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsinin və digər nüfuzlu beynəlxalq təşkilatların və onların nümayəndələrinin cəbhə xəttində atəşkəs rejiminə əməl olunması barədə tələblərinə məhəl qoymayan Ermənistan atəşkəs rejiminin hökm sürdüyü təqribən 17 il ərzində elə gün olmayıb ki, atəşkəsi pozmasın. Ən dəhşətlisi isə budur ki, atəşkəsi pozan ermənilərin əsas hədəfi dinc sakinlər, qocalar, qadınlar, uşaqlar olur", - Səttar Sevigin vurğulayıb.

Federasiya sədri 9 yaşlı azərbaycanlı uşağın öldürülməsinin insan haqlarının, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasını kobud surətdə pozduğunu İsveç parlamentinin vitse-spikerinin diqqətinə çatdırıb.

O bildirib ki, dünya birliyinin bu vəhşiliyə göz yumması, Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qalması onun Azərbaycan xalqına qarşı soyqırımı davam etdirməsinə şərait yaradır.

Xəbər lenti

Xəbər lenti