Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Tarıverdiyeva/
ABŞ Aİ ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində ATƏT-in Minsk qrupu ilə qarşılıqlı fəaliyyətini gücləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Filip Qordon Konqresin Nümayəndələr Palatasının Avropa və Avrasiya məsələləri üzrə Alt Komitəsində çıxışı zamanı bildirib. Məlumatı ABŞ Dövlət Departamentinin saytı yayıb.
"Bizim Aİ ilə birgə səylərimiz Qafqazda irəliləyişə gətirib çıxarıb, lakin ərazi mübahisələri, gələcəkdə siyasi və iqtisadi islahatların vacibliyi regionda sabitliyin əldə olunmasında ciddi maneə olaraq qalır", - Qordon deyib.
Onun sözlərinə görə, ABŞ və Avropa Avropada yeni münaqişələrdən qaçmaq və region ölkələrinə demokratik gələcəyə doğru irəliləməkdə kömək etmək üçün birgə işləməlidirlər.
"Avropalı tərəfdaşlarımızla birlikdə biz Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini onun beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudunda dəstəkləyəcəyik", - Qordon deyib.
Filip Qordon onu da bildirib ki, ABŞ Aİ-nin Ukrayna, Belarus, Moldova və Cənubi Qafqazın üç ölkəsinin cəlb olunduğu "Şərq tərəfdaşlığı" formatını tam olaraq dəstəkləyir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.