...

Azərbaycan aydın şəkildə bildirib ki, mülki təyyarələri vurmaq niyyəti yoxdur - ABŞ Dövlət Departamenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Aprel 2011 12:04 (UTC +04:00)
ABŞ və ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın mülki təyyarələri vurmaq niyyəti olmadığının şahidi olublar.
Azərbaycan aydın şəkildə bildirib ki, mülki təyyarələri vurmaq niyyəti yoxdur - ABŞ Dövlət Departamenti

Azərbaycan, Bakı, 21 aprel /Trend/

ABŞ və ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın mülki təyyarələri vurmaq niyyəti olmadığının şahidi olublar. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon deyib. Trend-in məlumatına görə, xəbəri "Amerikanın səsi" yayıb.

"ABŞ əvvəllər bu məsələ ilə bağlı öz mövqeyini dəqiqliklə bildirib. Mülki təyyarələrin məhv edilməsi ilə bağlı təhdidlər qəbuledilməzdir", - Qordon Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinə aviareyslər etmək niyyəti ilə bağlı sualı cavablandırarkən bildirib.

Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində tikilən Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur. Bu, bütün beynəlxalq konvensiyalara ziddir və buna heç bir beynəlxalq təşkilat tərəfindən icazə verilməyəcək. Onların sırasında ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi nüfuzlu təşkilat da var. Bu barədə bundan əvvəl "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib. Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov bildirib ki, mülki əhaliyə qarşı terror və müharibə ilə şöhrət qazanmış Ermənistandan fərqli olaraq, Azərbaycan mülki obyektlərə güc tətbiq etməyib və etməyəcək.

Azərbaycan artıq İCAO-nu həmin aeroportdan uçuşların həyata keçirilməsinə yol verilməməsi barədə məlumatlandırıb.

Ermənistan tərəfi Xankəndi şəhərində aeroport açmağı planlaşdırır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti