Azərbaycan, Bakı, 9 may /Trend, müxbir Y.Ostapenko/
ATƏT-in Parlament Assambleyasının (PA) rəhbəri Petros Eftimiu bu həftə Azərbaycana və Ermənistana səfər edəcək. Səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin parlament səviyyəsində həllinə yardım etmək üçün hər iki ölkənin parlamentləri ilə əməkdaşlığın möhkəmləndirilməsidir.
"Bakıya və Yerevana səfərim uzunsürən münaqişələrin parlament səviyyəsində həllinə kömək göstərmək üçün münaqişə regionlarına etdiyim səfərlər silsiləsindən biridir", - Eftimiu səfər ərəfəsində Trend-ə müsahibəsində bildirib.
Eftimiu ikigünlük səfərlə mayın 12-də Bakıda olacaq. Bundan əvvəl isə o, mayın 9-11-də Yerevanda olacaq. Bu Eftimiunun ATƏT PA rəhbəri kimi regiona ilk səfəridir.
"Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti assambleyanın işində mühüm və konstruktiv rol oynayır, ona görə də Bakıya səfər etmək imkanıma görə şadam", - o deyib.
Eftimiunun sözlərinə görə, onu hər iki ölkənin prezidentləri, xarici işlər nazirləri, parlamentariləri, hökumət, parlament və regiondakı vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər gözləyir.
Bakı və Yerevanda hər iki ölkənin ATƏT PA-dakı nümayəndə heyəti ilə də görüşlər planlaşdırılıb. Görüşlər zamanı Cənubi Qafqaz regionunda baş verən son hadisələr, eləcə də ATƏT PA-nın fəaliyyətinin prioritetləri müzakirə olunacaq.
"Səbirsizliklə uzunsürən münaqişələrin dinc yolla nizamlanacağı günü gözləyirəm ki, bütün tərəflər öz enerjisini ümumi irəliləyişin və çiçəklənmənin əldə olunmasına tam şəkildə yönəldə bilsinlər", - assambleya prezidenti deyib.
Eftimiu ATƏT-ə üzv ölkələr məkanında həlli yubanan münaqişələrin dinc yolla nizamlanmasını təşkilatın işinin ən vacib prioritetlərindən biri hesab edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Eftimiunun sözlərinə görə, bu istiqamətdə fəal işi davam etdirən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı, ATƏT-ə üzv ölkələr məkanında münaqişələrin həllinə təşkilatın fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis də fəal surətdə qoşulub.
Eftimiu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Prezidenti Dmitri Medvedevin də vasitəçilik səylərini yüksək qiymətləndirib.
"Buna baxmayaraq, əsas məsuliyyət münaqişə tərəflərinin prezidentləri və hökumətlərinin üzərinə düşür və məsələnin həll olunması üçün siyasi iradə və cəsarət lazımdır", - o deyib.
Eftimiu münaqişələrin həllində parlament əməkdaşlığının da böyük rolunu qeyd edib.
"ATƏT PA danışıqlarda birbaşa iştirak etmir, lakin onların dəstəklənməsi üçün biz münaqişənin həlli üzrə dialoqa və onun nəticələrinə parlament səviyyəsində yardım etməyə çalışırıq. Qəbul edilən qərarların əlverişli olması üçün geniş ictimaiyyətin məlumatlandırılmasında parlamentarilərin rolu çox mühümdür", - o, deyib.
Münaqişə qurbanı olan azərbaycanlı qaçqınlara kömək üçün ATƏT PA çərçivəsində iş aparılır.
"ATƏT PA-nın Oslodakı sonuncu illik sessiyasında [2010 -cu ilin iyulunda] assambleya qaçqınlar və məcburi köçkünlərin doğma yerlərinə qayıtmaq hüququ haqqında qətnamə qəbul edib. Qətnamə Gürcüstana aid olsa da, həmin prinsiplər bütün Cənubi Qafqaz regionundakı vəziyyətə də tətbiq edilə bilər", - Eftimiu deyib.