...

Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dönüş anı ola bilər - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2011 15:31 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda danışıqlar prosesində intensivlik müşahidə olunur, münaqişənin həlli ilə məşğul olan şəxslər, eləcə də, dövlətlərin rəsmi nümayəndələri bu görüşlə bağlı nikbin mövqe nümayiş etdirirlər.
Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dönüş anı ola bilər - vitse-spiker

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda danışıqlar prosesində intensivlik müşahidə olunur, münaqişənin həlli ilə məşğul olan şəxslər, eləcə də, dövlətlərin rəsmi nümayəndələri bu görüşlə bağlı nikbin mövqe nümayiş etdirirlər. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"Bütün bunlar isə Kazan görüşünün münaqişənin həlli üçün dönüş anı ola biləcəyinə ümidlər yaradır", - o vurğulayıb.

Onun sözlərinə görə, prezidentlərin Kazan görüşündə baza prinsipləri razılaşdırılacaqsa, o zaman sülh sazişi üzərində işləməyə başlamaq olar.

"Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi aydındır. İlkin mərhələdə işğal olunmuş torpaqlarımız azad edilməli və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Dağlıq Qarabağın statusu isə sonrakı mərhələdə müəyyən edilməlidir. Hazırkı mənzərə isə bütün dünyaya məlumdur: Ermənistanın silahlı qüvvələri Azərbaycanın ərazilərini işğal edib və bu ərazidə yaşayan insanlar öz torpaqlarında yaşamaq hüququndan məhrum olublar. Həmin ərazilərdə xalqımıza məxsus tarixi, maddi-mədəniyyət abidələri məhv edilib. Bu səbəbdən ilk növbədə insanların yaşayış hüququ təmin edilməlidir. İşğalçı qoşunlar isə ərazilərimizdən çıxarılmalıdır", - Muradova bildirib.

Onun sözlərinə görə, əgər bu prinsiplər razılaşdırılacaqsa, onda münaqişənin həllində böyük irəliləyiş ola bilər.

"Azərbaycan tərəfi yalnız münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, ədalətli şəkildə həllinin tərəfdarıdır", - vitse-spiker vurğulayıb.

İyunun 24-də Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü nəzərdə tutulur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti