...

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünün yekunları razılaşmanın əldə olunmasına daha da yaxınlaşmağa imkan verdi - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2011 13:16 (UTC +04:00)
Sergey Lavrov Yerevana qısa işgüzar səfəri zamanı RF Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemi ilə bağlı şəxsi məktubunu Ermənistan Prezidenti Serj Sarkisyana çatdırıb.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünün yekunları razılaşmanın əldə olunmasına daha da yaxınlaşmağa imkan verdi - XİN

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevana qısa işgüzar səfəri zamanı RF Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemi ilə bağlı şəxsi məktubunu Ermənistan Prezidenti Serj Sarkisyana çatdırıb. Trend-in məlumatına görə, bu barədə RF XİN-in rəsmi saytı xəbər verib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da iştirak etdiyi söhbətdə qeyd olunub ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilən görüşünün yekunları razılaşmanın əldə olunmasına daha da yaxınlaşmağa imkan verdi.

Həmçinin vurğulanıb ki, ABŞ, Rusiya və Fransa prezidentləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri kimi tərəflərin məsuliyyətli qərarı tezliklə qəbul etməsinə tərəfdar olduqlarını qətiyyətlə ifadə ediblər.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti