...

Yerevan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır - Sarkisyan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2011 16:03 (UTC +04:00)
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və sülhün tam bərqərar olmasında maraqlıdır.
Yerevan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır - Sarkisyan

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və sülhün tam bərqərar olmasında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Ermənistan Prezidenti Serj Sarkisyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib. Məlumatı RİA Novosti yayıb.

"Biz istəyirik ki, problem həll olunsun və elə həll olunsun ki, regionda həqiqətən də tam sülh və sabitlik hökm sürsün", - Ermənistan dövlət başçısının mətbuat xidməti Sarkisyandan sitat gətirir.

Lavrov RF Prezidenti Dmitri Mededyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məktubunu Sarkisyana təqdim etmək üçün Yerevana gəlib.

Görüşdə Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədri ölkələrinin - ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ probleminin həllində, regionda sülhün və sabitliyin bərqərar olmasında göstərdikləri səyləri yüksək qiymətləndirib.

Ermənistan rəhbəri Rusiya Prezidentinin bu məsələdə ardıcıl yardımına görə təşəkkürünü bildirib və respublikanın Dağlıq Qarabağ probleminin nizamlanması prosesində tezliklə irəliləyişə nail olunmasında maraqlı olduğunu təsdiq edib.

O qeyd edib ki, Ermənistan tərəfi Medvedevin təklifini diqqətlə öyrənir və yaxın vaxtlarda cavab verəcək.

Öz növbəsində, Lavrov qeyd edib ki, Rusiya Prezidenti prosesin uğurla başa çatmasında çox maraqlıdır və razılığın əldə olunması üçün bütün şərtlərin mövcudluğuna əmindir.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər. Kazan sammiti 2008-ci ildən keçirilən ən yüksək səviyyədə üçtərəfli görüşlərin doqquzuncusu və cari ildə ikincisi olub. Bundan əvvəlki sammit martın 5-də Soçidə keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti