...

Rəsmi Bakı Rusiya Prezidentinin təklifini öyrənir - Elmar Məmmədyarov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2011 13:44 (UTC +04:00)
Rəsmi Bakı RF Prezidenti Dmitri Medvedevin Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən cümə günü Bakıda təqdim olunan təklifini öyrənir.
Rəsmi Bakı Rusiya Prezidentinin təklifini öyrənir - Elmar Məmmədyarov

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı RF Prezidenti Dmitri Medvedevin Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən cümə günü Bakıda təqdim olunan təklifini öyrənir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Biz Prezident Medvedevin təklifini diqqətlə öyrənirik və onunla tam tanış olduqdan sonra öz cavabımızı təqdim edəcəyik", - XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, həmsədr ölkələr artıq anlayırlar ki, regionda yaranan status-kvo əlverişsizdir və Ermənistanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasının vaxtı çatıb.

Azərbaycanın XİN rəhbəri bir daha Ermənistanı Dağlıq Qarabağ münaqişəsi məsələsində PR-la deyil, bu problemin həlli ilə ciddi məşğul olmağa çağırıb.

"İndi münaqişə tərəfləri yenilənmiş Madrid prinsiplərinə əsaslanan sənəd üzərində iş aparırlar və Ermənistan anlamalıdır ki, bu iş emosiyasız davam etdirilməlidir. İlk növbədə, Yerevan ən yaxın vaxtlarda öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır ki, bu da regionda sabitliyin bərqərar olmasına gətirib çıxaracaq. Bu, Ermənistanın özü üçün də əlverişlidir", - o deyib.

Kazanda keçirilən müzakirələrin yekunları üzrə Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyana son vaxtlar üç prezidentin formatında və ATƏT-in Minsk qrupu həmsədrlərinin - ABŞ, Rusiya və Fransanın nümayəndələrinin iştirakı ilə müzakirə olunan Dağlıq Qarabağ məsələsinin həllinin görüntüləri haqqında təkliflə məktub hazırlayıb.

"Məmnuniyyətlə bu təklifləri Sizə təqdim edirəm. Hesab edirəm ki, Siz bu təkliflərlə tanış olduqdan sonra söylənilən ideyalara reaksiya verəcəksiniz", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti