...

Elmar Məmmədyarov: Dağlıq Qarabağın statusu erməni və azərbaycanlı icmalarla birgə müəyyən olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2011 17:58 (UTC +04:00)
Qarabağın statusu erməni və azərbaycanlı icmaları ilə birgə müəyyən olunmalıdır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RT telekanalına eksklyuziv müsahibəsində bildirib.
Elmar Məmmədyarov: Dağlıq Qarabağın statusu erməni və azərbaycanlı icmalarla birgə müəyyən olunmalıdır

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Qarabağın statusu erməni və azərbaycanlı icmalarla birgə müəyyən olunmalıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın ərəb dilində yayımlanan RT telekanalına eksklüziv müsahibəsində bildirib.

"Qarabağın statusu orada birgə yaşamış erməni və azərbaycanlı icmalarla birgə müəyyən olunmalıdır, - Elmar Məmmədyarov deyib. - Biz, ilk növbədə, bunun üçün şərait yaratmalıyıq, ərazilərin işğal altında olduğu bir vaxtda erməni tərəfin israrla bəyan etdiyi statusun könüllü müəyyən olunması haqqında danışmaq mümkün deyil".

"Azərbaycan işğal olunmuş ərazilər və qaçqınlar kontekstində əziyyət çəkən ölkə kimi bu prosesin ölü nöqtədən tərpənməsinin ən qızğın tərəfdarlarındandır", - Azərbaycanın xarici işlər naziri qeyd edib.

Məmmədyarov deyib ki, münaqişəni bir gecəyə nizamlamaq mümkün deyil. "Ona görə də 7 il əvvəl Praqada danışqılar prosesinin növbəti mərhələsinə başlayarkən, biz anlayırdıq ki, onu mərhələli şəkildə həll etmək, yəni danışıqlar masasını münaqişənin silahlı hissəsinin ən mənfi nəticələrindən təmizləmək lazımdır", - o əlavə edib.

"Əgər işğal olunmuş, tutulmuş, etnik cəhətdən tam təmizlənmiş ərazilər, eləcə də öz yaşayış yerindən qovulmuş insanlar varsa, onda müsbətə doğru irəliləmək və irəliləyiş əldə etmək yetərincə çətindir", - nazir deyib.

Onun sözlərinə görə, danışıqlar davam edir və nizamlanmanın Madrid prinsipləri adlanan müəyyən planı var və onun çərçivəsində artıq 7 ildən çoxdur ki, müzakirələr gedir.

"Ümumilikdə biz yol xəritəsi konsepsiyasını, necə və hara hərəkət etməli olduğumuzu anlayırıq, - Azərbaycan XİN rəhbəri deyib. - Bizdə də, Rusiya Federasiyası, ABŞ və Fransanın həmsədr olduqları Minsk qrupunun da ümumi anlaşma var. Hesab edirəm ki, Ermənistan da bu gün mövcud olan status-kvonun təkcə əlverişsizliyini deyil, həm də onun bütün regionun inkişafını geriyə atdığını başa düşür", - Məmmədyarov bəyan edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti