...

Elmar Məmmədyarov: ATƏT MQ həmsədrləri münaqişə tərəfləri arasında kompromis formulu hazırlayırlar (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2011 14:18 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Cənubi Qafqaz regionuna qarşıdakı səfəri münaqişə tərəfləri arasında kompromisin tapılmasına yönələcək.
Elmar Məmmədyarov: ATƏT MQ həmsədrləri münaqişə tərəfləri arasında kompromis formulu hazırlayırlar (ƏLAVƏ OLUNUB)

Dördüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:02-də yayılıb)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir S.Ağayeva/

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Cənubi Qafqaz regionuna qarşıdakı səfəri münaqişə tərəfləri arasında kompromisin tapılmasına yönələcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məməmdyarov bazar ertəsi jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, həmsədrlərin növbəti səfəri oktyabrın sonlarınadək baş tutacaq.

XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında müəyyən məsələlər üzrə razılaşma artıq əldə olunub, lakin danışıqlar prosesinə maneə yaradan bəzi bəndlər qalır.

"Kompromis əldə etmək üçün formul tapmaq lazımdır. Vasitəçilərin qarşıdakı səfəri bu formulun tapılmasına yönələcək", - Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Nazirin sözlərinə görə, hazırkı mərhələdə əsas məqsəd məcburi köçkünlərin qaytarılmasını tələb edən Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi deyil, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasıdır.

"Başlıcası, işğal olunmuş ərazilərin qaytarılmasıdır. Status məsələsi yalnız sonuncu mərhələdə həll oluna bilər", - Məmmədyarov bildirib.

Onun sözlərinə görə, hazırkı status-kvo davam edə bilməz. Bunu ötən həftənin sonunda Bakıya və Yerevana səfəri zamanı Fransa Prezidenti Nikola Sarkozi də təsdiqlədi.

"Azərbaycanın mövqeyi birmənalıdır: sülhə nə qədər tez nail olsaq, bir o qədər yaxşıdır", - Məmmədyarov deyib.

Xəbər lenti

Xəbər lenti