...

Bayram Səfərov: Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən Qarabağ probleminin həlli üçün də səmərəli istifadə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2011 13:47 (UTC +04:00)
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük diplomatik qələbədir. Təbii ki, ölkəmiz bu imkandan Qarabağ probleminin həlli üçün də səmərəli istifadə edəcək.
Bayram Səfərov: Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən Qarabağ probleminin həlli üçün də səmərəli istifadə edəcək

Azərbaycan, Bakı, 4 noyabr / Trend müxbir E.Mehdiyev/

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük diplomatik qələbədir. Təbii ki, ölkəmiz bu imkandan Qarabağ probleminin həlli üçün də səmərəli istifadə edəcək. Trend-in məlumatına görə, bunu cümə günü hakim Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

Səfərov bildirib ki, artıq işğalçı Ermənistan Azərbaycanın daim bütün istiqamətlər üzrə uğurlar qazandığını görür və bundan ciddi təlaş keçirir. Onun fikrincə, işğalçı dövlətin hakimiyyətində baş verən son hadisələrdə bu amil də müəyyən rol oynayır.

"Yəqin ki, Ermənistan hakimiyyətində tutduqları yolun onlara heç bir fayda verməyəcəyini anlayanlar var. Ona görə də, belə bir vəziyyət yaranıb. Amma bütün bunlara baxmayaraq, Azərbaycan davamlı olaraq diplomatik sahədə qələbələr qazanır. Hesab edirəm ki, nəhayət BMT TŞ qəbul etdiyi dörd qətnamənin icrası barədə düşünməlidir. Azərbaycanın bu nüfuzlu quruma üzv seçilməsi həmin prosesə təkan verə bilər. Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Əgər BMT TŞ həqiqətən dünyada sülh və təhlükəsizliyin təmin olunmasına çalışırsa, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qəti qərar verməlidir", - Səfərov vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti