...

Argentina hakimiyyətinə Dağlıq Qarabağın separatçı rejiminin rəhbərinin bu ölkəyə qanunsuz səfəri ilə bağlı xəbərdarlıq edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2011 11:42 (UTC +04:00)
Argentina hakimiyyətinə Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyanın bu ölkəyə qanunsuz səfəri ilə bağlı xəbərdarlıq edilib.
Argentina hakimiyyətinə Dağlıq Qarabağın separatçı rejiminin rəhbərinin bu ölkəyə qanunsuz səfəri ilə bağlı xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 21 noyabr /Trend müxbir S.Ağayeva/

Argentina hakimiyyətinə Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyanın bu ölkəyə qanunsuz səfəri ilə bağlı xəbərdarlıq edilib.

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin qanunvericilik orqanının üzvlərinin erməni separatçı rejiminin rəhbəri ilə görüş planından narahatlığını ifadə edib (http://www.parlamentario.com/noticia-41224.html; http://www.ncn.com.ar/secciones.php?ssec=54).

Səfir Əhmədzadə Senat və Deputatlar Palatasının sədrləri Julio Cobos və Eduardo Fellnerə bir qrup Argentina parlamentariləri və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin rəhbəri ilə mümkün görüşdən narahatlığını ifadə etmək üçün məktub ünvanlayıb, məlumatı parlament informasiya agentlikləri olan Argentinanın "Parlamentario" və "Noticias del Congreso Nacional" xəbər verir.

Məktubda qeyd edilib ki, ermənilər bu fiquru qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" kimi təqdim etməyə cəhd göstərirlər.

"Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasına məxsus ərazi kimi tanınmasına baxmayaraq, Dağlıq Qarabağ ərazisi hazırda Ermənistanın işğalı altındadır", -məktubda bildirilib.

Azərbaycan Argentinadakı səfiri məktubda vurğulayıb ki, Ermənistan öz hərbi təcavüzü ilə yalnız Dağlıq Qarabağı deyil, habelə onun ətrafındakı 7 rayonu - ümumilikdə Azərbaycan ərazisinin 20 faizini işğal edib, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib ki, nəticədə 1 milyona yaxın şəxs qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan habelə, Azərbaycana məxsus tarixi-mədəni abidələri dağıdıb və məhv edib.

"BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri və Baş Assambleyanın digər iki qətnaməsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan ərazisindən erməni silahlı qüvvələrinin çıxarılmasını və bütün qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edir. ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər təşkilatları da Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul ediblər", - məktubda bildirilib.

Öz məktubunda Əhmədzadə deyib ki, Azərbaycan hökuməti Argentina hökumətinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəyini yüksək qiymətləndirib. Bu mövqe 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair imzalanmış protokolda vurğulanıb və 2010-cu ildə siyasi məsləhətləşmələrə dair imzalanmış anlaşma memorandumunda bir daha təsdiqlənib.

Bundan əlavə, Argentina hökuməti müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT qətnamələrinə uyğun həllinə tərəfdar olduğunu da bildirib.

Son olaraq səfir hər iki palatanın sədrlərindən Argentinanın bu münaqişə ilə bağlı mövqeyini və ölkələrimiz arasında əməkdaşlığın inkişaf tendensiyasını nəzərə alaraq qeyd olunan görüşün baş tutmaması üçün məsələyə müdaxilə etməklə bağlı xahişini ifadə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti