Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir S.Ağayeva/
Dağlıq Qarabağın erməni icmasının azərbaycanlı icması ilə Berlində dialoqda iştirakdan imtina etməsi ermənilərin Dağlıq Qarabağda guya tək yaşadıqları barədə stereotiplərin tədricən məhv olduğunu sübut edir. Azərbaycanlı politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov belə hesab edir.
"Dağlıq Qarabağın erməni icmasının bu həftə Berlində keçirilən "Dialoq-forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin görüşü" adlı tədbirdə iştirak etməməsi göstərdi ki, ermənilər belə görüşlərin onların həmin ərazidə guya, tək olduqları barədə mifləri dağıtdığını anlayırlar", - politoloq çərşənbə günü Trend-ə tədbirin yekunlarını şərh edərkən bildirib.
Noyabrın 28-də Berlində "Dialoq-forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağın azərbaycanlıları və ermənilərinin görüşü" adlı tədbir keçirilib. Tədbirə dəvət olunmuş Dağlıq Qarabağın erməni icmasının nümayəndələri dialoqda iştirak etməyə razılıq versələr də, sonradan bundan imtina ediblər.
Musabəyovun sözlərinə görə, görüşün məqsədi alman ictimaiyyətinin Dağlıq Qarabağda yalnız Azərbaycandan ayrılmaq istəyən, lakin Azərbaycanın buna yol vermədiyi erməni icmasının olduğu barədə səhv təsəvvürləri dəyişmək idi.
Politoloqun fikrincə, Dağlıq Qarabağın erməni icmasının dialoqdan imtina etməsi göstərir ki, Azərbaycan xeyli dərəcədə bu stereotipləri sındırmağa nail olub.
Tədbir Azad Berlin Universitetinin Xəzər Araşdırmaları Mərkəzi, "Avroqafqaz" cəmiyyəti, Alman-Azərbaycan Forumunun təşkilatçılığı ilə keçirilib.
Forumda Ermənistandan olan nümayəndələr - hüquq müdafiəçiləri, eləcə də Almanaiyada yaşayan və işləyən ermənilər, aralarında Almaniyanın ATƏT-in Minsk qrupundakı keçmiş nümayəndəsi, Cənubi Qafqaz üzrə nüfuzlu mütəxəssislərin olduğu alman ekspertləri də iştirak ediblər.
Tədbirdə Azərbaycan tərəfdən Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri, deputatlar Rövşən Rzayev, Rasim Musabəyov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Effektiv Təşəbbüslər Mərkəzinin əməkdaşı Anar Usubov, Şuşa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov iştirak ediblər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.