Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.Tariverdiyeva/
Cümə axşamı, yanvarın 19-da Rusiya və Azərbaycan XİN-in rəhbərləri Sergey Lavrov və Elmar Məmmədyarov Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti görüşünə hazırlıq məsələlərini müzakirə etmək üçün görüşəcəklər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2011-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş Rusiya və xarici KİV üçün mətbuat konfransında deyib. Trend-in məlumatına görə, xəbəri "Rossiya 24" kanalı yayıb.
"Rusiya həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək məsələsi üzrə səyləri davam etdirmək niyyətindədir, Minsk qrupunun həmsədrləri də Soçidə prezidentlərin görüşündə iştirak edəcəklər", - o deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.