Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Tariverdiyeva /
Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin yanvarın 17-də Vaşinqtonda ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini Filip Qordonla Dağlıq Qarabağ məsələsini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi saytı məlumat verib.
Məlumatda deyilir ki, Karasin və Qordonun görüşü zamanı Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin nizamlanmasında irəliləyişlərin perspektivlərinə toxunulub.
Görüş zamanı habelə Rusiya və ABŞ-ın Belarus, Ukrayna, Moldova və Cənubi Qafqaz dövlətləri ilə əlaqələrinin qarşılıqlı maraq doğuran məsələləri də müzakirə olunub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.