Fransa, Strasburq, 27 yanvar /Trend, müxbir A.Məhərrəmli/
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərcivəsində Büronun bugünkü iclasında qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsi ilə bağlı məsələyə toxunulub. Bu barədə Trend-ə cümə günü eksklüziv açqlamasında AŞ PA sədri Jan-Klod Minyon deyib.
"Büronun bu səhər keçirilən iclasında bu məsələ müzakirə olunub. Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətini tez bir zamanda yenidən bərpa etməmək haqqında qərar verildi. Bizə bu barədə hərtərəfli düşünmək üçün vaxt lazımdır. AŞ PA-nın aprel ayında keçiriləcək yaz sessiyasında Alt Komitənin gələcək fəaliyyətinə dair qərar vermək üçün bu məsələni yenidən 9 mart 2012-ci ildə Büronun Parisdə keçirilən iclasında müzakirə edəcəyik", - Minyon əlavə edib.
Onun sözlərinə görə, Alt Komitənin fəaliyyətinin yenidən qurulması və davam etdirilməsi mümkündür. Bu, həm də yeganə variant deyil.
"Digər variant odur ki, Dağlıq Qarabağ üzrə Alt Komitəni yenidən yaratmırıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılması ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bunu dəqiq demək üçün hələ ki, elementlər yoxdur. Bu, bir variantdır. Alt Komitənin fəaliyyəti ilə bağlı martda bir daha müzakirə aparacağıq. Mən Dağlıq Qarabağ məsələsi ilə yaxından məşğul olmaq niyyətindəyəm", - Minyon deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.