...

Bakıda fransalı fotoqrafın Xocalı faciəsinə həsr edilmiş unikal işləri təqdim olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2012 20:49 (UTC +04:00)
Bakı Muzey Mərkəzində fransalı fotoqraf xanım Frederik Lenqeynin Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş şəkillərindən ibarət sərgi keçirilib.
Bakıda fransalı fotoqrafın Xocalı faciəsinə həsr edilmiş unikal işləri təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir V.İmanov/

Bakı Muzey Mərkəzində fransalı fotoqraf xanım Frederik Lenqeynin Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş şəkillərindən ibarət sərgi keçirilib.

Trend-in məlumatına görə, "Xocalıya aparan yol" sərgisi Azərbaycan-Avropa Cəmiyyəti tərəfindən təşkil edilib.

Cəmiyyətin sədri Taleh Heydərov sərgini giriş sözü ilə açaraq Xocalı faciəsi haqqında danışıb.

"Bu gün bütün dünyada bu faciəyə hüquqi qiymət verilir. Cəmiyyətimizin əsas məqsədi dünya ictimaiyyətinə Xocalı faciəsi və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin çatdırılmasıdır. Bu məqsədlə tərəfimizdən xüsusi layihələr həyata keçirilib və bu sərgi onlardan biridir", - Heydərov bildirib.

Onun sözlərinə görə, yaxın müddətdə Böyük Britaniyada Xocalı faciəsi haqqında kitab təqdim olunacaq.

"Bu sərgidə ilk dəfə olaraq Lenqeynin unikal fotoları təqdim edilib. Lenqeyn Ağdamda bu hadisələrin canlı şahidi olub. Onunla əməkdaşlıq sayəsində biz 20 ildən sonra Azərbaycan cəmiyyətinə bu nadir şəkilləri təqdim edə bildik. Bu sərgidə həmin faciəni təsdiqləyən 300 şəkildən ancaq bir hissəsi təqdim olunub. Şəkillər, eyni zamanda, həmin günlərin qorxulu hadisələri haqqında sənəddir", - o qeyd edib.

Heydərovun sözlərinə görə, bu fotofaktlar Brüssel, Strasburq və Parisdə sərgilərin təşkil edilməsi zamanı dünya ictimaiyyətinə çatdırılacaq.

1992-ci ildə "Reuters" İnformasiya şöbəsinin fotoxidmətinin rəhbəri olan Frederik Lenqeyn təəssüratlarını bölüşüb.

"Əvvəlcə sadəcə öz işini görməyə çalışırsan, lakin sonra faciə üzərində düşünürsən və hətta bütün bunları çəkdiklərinə görə özünü günahkar sayırsan və insanlara heç cür kömək edə bilmirsən. 1992-ci ildə biz bu kadrları xarici auditoriya üçün çəkirdik, 20 ildən sonra isə onlar sizin tarixiniz üçün qayıtdılar", - fotoqraf bildirib.

Onun sözlərinə görə, Ağdamda keçirdiyi 3 gün ərzində bu regionun əhalisinin cəsarətinə əmin olub.

"Bu qadın, uşaq və qocaların şəkillərində Xocalı faciəsinin bütün dəhşətini görürsən. Cinayətlər haqqında susmaq olmaz. Onlar haqqında həqiqətləri bütün dünyaya çatdırmaq lazımdır", - "Yahad İn Unum" Assosiasiyasının sədri Patrik Desbois bildirib.

Tədbirdə Azərbaycanın görkəmli ictimai xadimləri, deputatları və diplomatik korpusların nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti