...

İctimaiyyət nümayəndələri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında siyasətçilərə kömək edə biləcək əlverişli mühit yaratmaq istəyir - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2012 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir S.Ağayeva/

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin gələcək humanitar əlaqələrin inkişafı haqqında tövsiyələri çərçivəsində fevralın 21-də Moskvaya gələn Azərbaycan və Ermənistanın nümayəndə heyətləri Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir, professor Mixail Şvıdkoyun bədii rəhbərliyi ilə fəaliyyət göstərən "Müzikl teatr"ın "Zamanı seçmirlər" açılış tamaşasında iştirak ediblər. Trend-in məlumatına görə, tədbirdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, tanınmış incəsənət xadimləri, ictimaiyyət və diaspor nümayəndələri də iştirak ediblər.

Fevralın 22-də Rusiya Federasiyasının İctimai Palatasında "Millətlərarası dialoqun möhkəmləndirilməsi və münaqişələrin nizamlanmasında cəmiyyət və mədəni əməkdaşlığın rolu" mövzusunda "dəyirmi masa" keçirilib.

Azərbaycan tərəfdən görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdulla, Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri Murad Adıgözəlzadə iştirak ediblər.

Görüşdə Ermənistan tərəfini Rusiyadakı səfir Oleq Esayan, Dövlət Teatr və Kinematoqrafiya İnstitutunun rektoru Armen Mazmanyan, Milli Yığıncağın deputatı Germine Naqdalyan, "Aravot" qəzetinin baş redaktoru Eduard Cambazyan və Rolan Bıkov Fondunun direktoru Nune Manukyan təmsil ediblər.

Rusiya tərəfdən görüşdə Mixail Şvıdkoy, RF İctimai Palatasının katibinin birinci müavini Mixail Ostrovski, İctimai Palatanın beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə işçi qrupunun rəhbəri Aleksandr Sokolov, Palatanın tolerantlıq və vicdan azadlığı üzrə komissiyasının üzvü Alla Qerber və Palatanın KİV-ə dəstək komissiyasının üzvü Andrey Dementyev, MDB iştirakçı dövlətlərinin Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Armen Smbatyan iştirak ediblər.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, bu, iki illik fasilədən sonra Azərbaycan və Ermənistan ziyalılarının ilk görüşüdür. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

İki respublikanın nümayəndə heyətlərinin görüşünün keçirilməsinə imkan yaratdığına görə ev sahibinə təşəkkür edən Azərbaycanın səfiri Polad Bülbüloğlu deyib ki, burada qarşısına siyasi məsələlərin həlli vəzifəsini qoymayan vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

"Bu, hər iki ölkənin prezidentlərinin səlahiyyətidir və onlar bu istiqamətdə böyük iş görürlər. Biz isə ictimaiyyət nümayəndələri kimi münaqişənin həllində siyasətçilərə kömək edə biləcək əlverişli mühit yaratmaq istəyirik. İki qonşu xalq onsuz da bir yerdə yaşamalıdır və çox vacibdir ki, bu, mümkün olsun. İmkan vermək olmaz ki, münaqişə dövrü ərzində böyüyən gənc nəsil bir-birinə qarşı ancaq düşmənçilik və nifrət hissi bəsləsinlər", - o bildirib.

Bundan başqa, hər iki respublikanın deputatlarının Moskvada görüşü təşkil edilib və onların olduqca konstruktiv dialoqu baş tutub.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bildirib ki, vətəndaş cəmiyyəti daha fəal mövqe tutmalıdır. O qeyd edib ki, heç nəyə baxmayaraq, birgə mədəni layihələr həyata keçirmək, bir-birimizdən ayrılmamaq və irəli getmək lazımdır, axı, nifrət heç nəyə aparmır.

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla qarşılıqlı anlayışa aparan dialoqun zərurətindən danışıb.

"Dəyirmi masa" iştirakçılarının hər biri qarşılıqlı yaxınlaşma və əməkdaşlığa yönəldilmiş təkliflərlə çıxış ediblər.

Sonra hər iki nümayəndə heyəti "Rossiyskaya qazeta"nın redaksiyasına gəlib və orada dialoq davam etdirilib.

Yekunda Azərbaycan səfiri Polad Bülbüloğlu hər iki ölkənin rəhbərliyi qarşısında bir neçə təşəbbüslə çıxış etmək arzusunu dilə gətirib. Əgər bu təkliflər qəbul olunsa, onları həyata keçirməyə başlamaq lazımdır. Bu təklif "dəyirmi masa"nın bütün iştirakçıları tərəfindən dəstəklənib.

Hər iki nümayəndə heyəti müzakirələri Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy tərəfindən onlara verilən birgə nahar zamanı qeyri-formal şəraitdə davam etdiriblər.

Xəbər lenti

Xəbər lenti