Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Əliyev/
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatında partiya üzvü olan gənclərin və həmin rayonda yaşayan Xocalıdan olan gənclərin iştirakı ilə "dəyirmi masa" keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı YAP Qaradağ rayon təşkilatından bildiriblər.
Görüşdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, həmçinin "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək vurğulayıblar ki, qanlı hadisələrin şahidi olan yaşlı nəsil Xocalı kimi faciə barədə kifayət qədər məlumatlıdır. Çıxış edənlər qeyd ediblər ki, məqsəd həm Qaradağ rayonundan olan, həm də Xocalıdan olan gənclərin hadisələri düzgün təhlil etməsi, qavramasıdır.
Görüşdə vurğulanıb ki, Xocalıdan olan gənclər sosial şəbəkələrdən istifadə etməklə soyqırımın dünya ictimaiyyətinə çatdırılması üçün xeyli səylər göstərirlər.
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov görüşdə çıxışında bildirib ki, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün vasitələrdən istifadə olunmalıdır.
"Hər bir vətəndaş bacardığı formada bu məsələni beynəlxalq aləmə çatdırmalıdır", - Hüseynov deyib.