Azərbaycan, Bakı, 24 fevral /Trend/
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.
Azərbaycanın bu ölkədəki səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə Dubayda yaşayan həmvətənlərimiz, Azərbaycan Beynəlxalq Bankının Dubaydakı ofisinin nümayəndələri, Dubayda təhsil alan azərbaycanlı tələbələr, Türkiyənin BƏƏ-dəki səfirliyinin əməkdaşları, Türkiyənin Dubaydakı baş konsulu və Türkiyə Biznes Şurasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Elxan Qəhrəmanov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək, insanlığa silinməz ləkə olan əsl soyqırım aktını törətdiklərini diqqətə çatdırıb.
Səfir bildirib ki, Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayətdir.
O, bu faciənin ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra öz siyasi-hüquqi qiymətini tapdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Türkiyənin Dubaydakı baş konsulu çıxış edərək, Xocalı faciəsinin Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktı olduğunu qeyd edib.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı kitablar və faciənin görüntülərini əks etdirən rəsmlər sərgilənib.
Tədbirin sonunda Xocalı soyqırımı haqqında geniş film nümayiş olunub.