...

Azərbaycan Parlamenti Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 18:20 (UTC +04:00)
Azərbaycan Milli Məclisi cümə günü keçirdiyi iclasda Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib.
Azərbaycan Parlamenti Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi cümə günü keçirdiyi iclasda Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib.

Trend-in məlumatına görə, qərarda erməni cəlladlarının Xocalıda törətdiyi vəhşiliklərdən bəhs olunub, Xocalı soyqırımı insanlığın ortaq vicdanında qara ləkə hesab olunub.

Qərarda qeyd olunub ki, Azərbaycan istintaq orqanları Xocalı faciəsini törədən cinayətkarlardan 39 nəfərin şəxsiyyətini müəyyən edib.

"Heydər Əliyev Fondunun "Xocalıya Ədalət" kampaniyası çərçivəsində görülən işlər ildən-ilə genişlənir", - qərarda bildirilir.

Qərarda deyilir ki, Xocalı soyqırımının Milli Məclisin əvvəlki qərarları ilə soyqırım - genosid cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq olunsun.

Qərarda bildirilir ki, Azərbaycan deputatlarına bir vəzifə olaraq tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son 100 ildən artıq dövrdə azərbaycanlıların məruz qaldığı soyqırım aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər. Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.

"Azərbaycanın hüquq-mühafizə orqanlarına tövsiyə edilsin ki, Xocalı şəhərində soyqırım aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının müəyyən edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri gücləndirsinlər", - qərarda deyilir.

Qərarda həmçinin bildirilir ki, Azərbaycanın müvafiq dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən QHT-lərə tövsiyə edilsin ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.

Xəbər lenti

Xəbər lenti