...

Türkiyədə Xocalı soyqırımının ildönümü münasibətilə tədbirlər keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2012 02:30 (UTC +04:00)
Fevralın 26-da Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə planlaşdırdığı silsilə tədbirlər çərçivəsində Ankaranın Keçiören Bələdiyyəsi ilə birgə həmin rayonda Xocalı Soyqırımı xatirəsinə ucaldılacaq abidənin təməl qoyma mərasimini və Xocalı Soyqırımı qurbanlarını anım tədbiri təşkil edib.
Türkiyədə Xocalı soyqırımının ildönümü münasibətilə tədbirlər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Fevralın 26-da Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə planlaşdırdığı silsilə tədbirlər çərçivəsində Ankaranın Keçiören Bələdiyyəsi ilə birgə həmin rayonda Xocalı soyqırımı xatirəsinə ucaldılacaq abidənin təməl qoyma mərasimini və Xocalı soyqırımı qurbanlarını anım tədbiri təşkil edib.

Səfirliyin mətbuat katibi Elsevər Salmanov Trend-ə bildirib ki, tədbirdə, səfir Faiq Bağırov başda olmaqla səfirliyimizin əməkdaşları, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Haluk İpek, Keçiören Bələdiyyəsinin başçısı Mustafa Ak başçox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak edib.

Mərasim Xocalı soyqırımı qurbanlarının ruhlarına Quranı Kərim oxunması ilə başlayıb.

Daha sonra, Keçiören Bələdiyyəsinin başçısı Mustafa Ak, Milliyətçi Hərəkat Partiyasının Iğdır millət vəkili Sinan Oğan, səfir Faiq Bağırov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar və Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Haluk İpek çıxış edərək Xocalı soyqırımı ilə bağlı dəyərli fikirlərini çoxsaylı mərasim iştirakçıları ilə bölüşüblər.

Ardından, Xocalı soyqırımı xatirəsinə ucaldılacaq abidənin təməlinin atılması protokol üzvləri tərəfindən həyata keçirilib.

Həmçinin səfirliyimiz tərəfindən, Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetinin böyük konsert zalında Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə sinfonik konsert təşkil olunub. Konsertdə, Q. Qarayev və F. Bədəlbəylinin əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarı Yusif Mirişlinin Xocalı soyqırımına həsr etdiyi "613" adlı əsəri ilk dəfə olaraq Bilkent Sinfonik Orkestri və "Oda" xoru tərəfindən səsləndirilib.

Tədbirdə, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam, Türkiyə Böyük Millət Məclisinin sabiq sədrləri Hikmet Çetin ve İsmet Sezgin, Türkiyə Daxili İşlər Nazirinin müavini Osman Güneş, Türkiyə Xarici İşlər Nazirinin müavinləri və yüksək vəzifəli rəsmiləri, Türkiyə Mədəniyyət və Turizm Nazirinin müavini, Bilkent Universiteti İdarə Heyətinin sədri Prof. Dr. Əli Doğramacı, çox sayda sabiq nazirlər, ictimaiyyət, diaspor, tələbələr və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Xocalı soyqırımı ilə bağlı müfəssəl sənədli filmin nümayişi ilə başlayıb.

Ardından səfir Faiq Bağırov öz çıxışında Xocalı soyqırımı barəsində geniş nitq söyləyib və iki qardaş ölkənin üzərinə düşən məsuliyyətdən söz açıb.

Tədbir zamanı Xocalıya Ədalət beynəlxalq imza kampaniyasına davam olunub, faciə ilə bağlı təbliğat xarakterli materiallar tədbir iştirakçılarına təqdim olunub.

Daha sonra Xocalı soyqırımı ilə bağlı rəsm və foto sərgisi açıq elan edilib.

Xəbər lenti

Xəbər lenti