Azərbaycan, Bakı, 28 fevral /Trend/
Milan şəhərinin "Sette Fontane" (Yedii Fəvvarə) Teatrında Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi və Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin təşkilatçılığı ilə fevralın 26-da Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilib.
Səfirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirə əsasən İtaliya ictimaiyyətinin nümayəndələri olmaqla təqribən 170 iştirakçı qatılıb. Bundan əlavə, Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşları, İtaliyada yaşayan Azərbaycan və türk icmasının nümayəndələri də mərasimdə iştirak ediblər.
Tədbiri giriş sözü ilə "Candella" (Şam) rəqs qrupunun bədii rəhbəri Culiya Murcano açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin ən dəhşətli səhifələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Daha sonra italyan gənclərdən ibarət olan "Candella" rəqs qrupunun ifasında həmin qrup tərəfindən səhnəyə qoyulmuş Xocalı soyqırımına həsr edilmiş səhnəcik nümayiş etdirilib.
Mərasimdə həmçinin XX əsrin ən dəhşətli və qanlı faciələrindən olan Xocalı soyqırımı ilə bağlı videomateriallar nümayiş etdirilib.