...

Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri tərəfləri münaqişənin tezliklə nizamlanmasına çağırıblar (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Mart 2012 14:28 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri münaqişə tərəflərini möhkəm və dinc nizamlanmaya nail olmaq üçün vacib olan siyasi iradə nümayiş etdirməyə çağırıblar.
Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri tərəfləri münaqişənin tezliklə nizamlanmasına çağırıblar (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:40-da yayılıb)

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasına başlamasına dair rəsmi sorğunun 20 illiyi münasibətilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri münaqişə tərəflərini möhkəm və dinc nizamlanmaya nail olmaq üçün vacib olan siyasi iradə nümayiş etdirməyə çağırıblar.

Trend-in məlumatına görə, bu barədə martın 22-də Rusiya XİN rəhbəri Sergey Lavrovun, ABŞ dövlət katibi Hillari Klintonun və Fransanın xarici işlər naziri Alen Jüpenin qəbul etdikləri birgə bəyanatda deyilir.

"Biz tərəflərin liderlərini Helsinki Yekun Aktı əsasında, gücün və ya güclə hədələmənin tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə və xalqların hüquq bərabərliyi prinsiplərinə, BMT Nizamnaməsinin bəndlərinə, həmçinin beynəlxalq hüquq prinsipləri və normalarına əsaslanaraq, bütün regiona status-kvonun çərçivəsindən daha təhlükəsiz və çiçəklənən gələcəyə çıxmağa icazə verəcək çərçivə sazişinin və sonrakı qəti qərarın üzərində işi mümkün qədər tez tamamlamağa çağırırıq", - bəyanatda qeyd olunur.

Bəyanatda bildirilir: "Xatırladaq ki, region xalqları müharibənin nəticələrindən xeyli əziyyət çəkiblər və nizamlanmanın əldə olunmasında hər hansı yubanma yalnız çətinlikləri uzadacaq. Regionda yeni nəsil yetkinlik yaşına çatıb, bir-biri ilə yanaşı yaşayan ermənilərin və azərbaycanlıların yaddaşındakı bu süni hissələrə ayırma yalnız müharibənin yaralarını dərinləşdirir. Bu səbəbdən də biz tərəflərin liderlərini əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq".

"Prezidentlər Medvedev, Obama və Sarkozinin 2011-ci il mayın 24-də Dovildəki birgə bəyanatlarında qeyd edildiyi kimi, danışıqlar yolu ilə nizamlanma sülhə, sabitliyə və barışığa gətirib çıxara bilər və münaqişənin həlli üçün güc tətbiqinə istənilən cəhd uzun müddətdən bəri qeyri-müəyyənlikdən və inamsızlıqdan əziyyət çəkən regiona qeyri-sabitlik gətirə bilər", - bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, sülhə doğru yolda irəliləyiş əldə olunub.

"2009-cu ildə bizim üç liderin Akvildə, 2010-cu ildə Muskokda və 2011-ci ildə Dovildə verdikləri birgə bəyanat hərtərəfli dinc nizamlanma üçün əsas elementləri müəyyən edib", - bəyanatda bildirilir.

"2012-ci il yanvarın 23-də Soçidə prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın birgə bəyanatında da hər iki tərəfin əsas prinsiplər üzrə razılaşmaya nail olmaq prosesinin sürətləndirilməsinə sadiq qaldığı ifadə olunub", - bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti