...

Aqşin Mehdiyev: Azərbaycanın xarici siyasətinin prioritetləri TŞ-yə sədrliyi dövründə də əvvəlki kimi qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2012 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may / Trend /

Azərbaycanın xarici siyasətinin prioritetləri onun BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə də öz aktuallığını qoruyub saxlayaraq əvvəlki kimi qalır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyev İTAR-TASS-a müsahibəsində deyib.

Mayın 1-dən Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edir. O estafeti aprelin 1-dən TŞ-yə sədrlik edən ABŞ-dan alıb və bir aydan sonra Çinə təqdim edəcək.

2011-ci ilin oktyabrında Azərbaycan öz tarixində ilk dəfə olaraq BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilib. 2012-ci il yanvarın 1-dən respublika TŞ-yə qeyri-daimi üzv statusu alıb.

Mehdiyevin sözlərinə görə, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyü onun sabit və permanent xarakter daşıyan xarici siyasətindəki prioritetlərə heç bir təsir göstərmir. Yaxın 31 gün üçün BMT TŞ-nin iş proqramı hələ təsdiqlənmədiyindən səfir onun təfərrüatlarını açıqlamağa üstünlük verməyib. Buna baxmayaraq, o qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə "gündəlikdə beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi məsələləri, terrorizmlə bağlı məsələlər, Balkanlardakı vəziyyət və təbii ki, Yaxın Şərq, Şimali Afrikadakı məsələlər olacaq".

"Bildiyiniz kimi, BMT TŞ müntəzəm olaraq Fələstin məsələsi də daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətlə bağlı katibliyin hesabatını dinləyir. Təbii ki, bu, bizim proqramımızda öz əksini tapacaq", - diplomat deyib. Mehdiyeivn sözlərinə görə, TŞ-nin işində mərkəzi yerlərdən birini əvvəlki kimi Suriyadakı vəziyyət tutur.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olduğunu qeyd edən Mehdiyev bildirib ki, "onun ölkəsinin BMT-nin gündəliyindəki bir çox məsələlərdə öz mövqeyi var. "Əgər hansısa məqamda bizim mövqeyimiz başqa dövlətin mövqeyi ilə üst-üstə düşürsə, bu, əladır. Əgər düşmürsə, onda bizim öz prinsiplərimiz var və biz onlardan əl çəkməyə hazırlaşmırıq", - o bəyan edib.

Azərbaycanın BMT TŞ-yə üzvlüyünün ilk dörd ayına nəzər salan səfir deyib ki, "çox dəyərli təcrübə əldə olunub": "Ölkəmiz TŞ-yə ilk dəfə seçilib və öz tarixində ilk dəfə olaraq bütün beynəlxalq məsələlərin həll olunduğu orqana sədrlik edir. Bu, yaşından, təcrübəsindən və buna qədər nə ilə məşğul olmasından asılı olmayaraq, istənilən diplomat üçün çox böyük məktəbdir".

Xəbər lenti

Xəbər lenti