...

Türkiyədə Şuşanın işğalının 20-ci ildönümü qeyd edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2012 11:45 (UTC +04:00)
Türkiyə-Azərbaycan Dərnəyi (TAD) İğdır şöbəsi tərəfindən Şuşanın işğal edilməsinin 20-ci ildönümü ilə əlaqədar mətbuat konfransı keçirilib.
Türkiyədə Şuşanın işğalının 20-ci ildönümü qeyd edilib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Mehdiyev/

Türkiyə-Azərbaycan Dərnəyi (TAD) İğdır şöbəsi tərəfindən Şuşanın işğal edilməsinin 20-ci ildönümü ilə əlaqədar mətbuat konfransı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, dərnəyin inzibati binasında təşkil edilən yığıncaqda çıxış edən TAD-ın sədri, millət vəkili Sinan Oğan Şuşanın Azərbaycanın ən əhəmiyyətli şəhərlərindən biri olduğunu deyib.

"Şuşa tarixi şəhərdir. Tarixi əsərlər çoxdur. Təəssüf ki, silahsız Şuşa şəhərinə ermənilər hücum edərək 500-dən çox insanı şəhid edib, eləcə də tarixi əsərləri yandırıblar. Bu gün türk hökuməti Vanda olan tarixi kilsəni təmir edib xidmətə verir. Ermənilər isə Şuşada olan məscidləri axur olaraq istifadə edir. Azərbaycan tarixini əks etdirən əsərləri yox edirlər. Bu niyyətdə olan ermənilərə isə bizim hökumət yaxşı niyyətlə yaxınlaşır. Beynəlxalq aləm bir millətin tarixinin yox edilməsinə, məscidlərin axur olaraq istifadə edilməsinə reaksiya vermir. Bu, ikili standartdan başqa bir şey deyil. Beynəlxalq aləmi erməni işğalı altında olan Azərbaycan torpaqlarına baxmağa və ermənilərə geri çəkilmələri üçün təzyiq etməyə çağırır, Şuşada şəhid olan türk qardaşlarımızı rəhmətlə anıram", - Oğan əlavə edib.

TAD-ın İğdır şöbəsinin başçısı Sərdar Ünsal, ermənilərin 1992-ci ilin fevral ayında Xocalını işğal edərək 600-dən çox günahsız insanı qanına qəltan etdiklərini deyib.

"Dünya dövlətləri bu vəhşiliyi seyr etdi, reaksiya vermədi. Bundan cəsarət alan və rusların dəstək verdiyi ermənilər bu dəfə Azərbaycanın tarixi şəhəri Şuşaya girərək burada da 500-dən çox türkü şəhid edib, 20 mindən çox vətəndaşı torpaqlarından köçkün salıblar. Eyni zamanda tarixi əsərləri yox etməyə başladılar. Buradan beynəlxalq aləmə səslənirəm. Ermənilər işğal etdikləri bu torpaqlardan çəkilməli, Azərbaycanın işğal olunmuş torpaqlarını geri verməlidirlər. Erməniləri bir daha nifrətlə qınayır, şəhidlərə Allahdan rəhmət diləyirəm", - Ünsal əlavə edib.

Xəbər lenti

Xəbər lenti