...

Şuşanın işğalının 20 illiyi ilə bağlı Almaniyada silsilə tədbirlər həyata keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 May 2012 02:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Əliyev/

Şuşanın işğalının 20 illiyi ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

İlkin olaraq cari ilin 7 may tarixində Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası və dünya parlamentlərinə ünvanladığı müraciət Almaniya Federativ Respublikasının rəsmi dövlət və mətbu orqanlarına ötürülüb. Eyni zamanda, səfirliyimiz tərəfindən Şuşa şəhərinin işğaldan əvvəlki və bugünkü vəziyyəti barədə məlumatları əks etdirən pres-reliz hazırlanaraq, Almaniyanın müxtəlif mətbuat orqanlarına, eləcə də Almaniya ictimaiyyətinin müxtəlif təbəqələrinə göndərilib.

Cari ilin 8 may tarixində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Alman-Azərbaycan Forumunun təşəbbüsü ilə Şuşanın işğalının 20 illiyi ilə bağlı "İtkin düşmüş vətən" adlı mətbuat məlumatı hazırlanaraq geniş Almaniya ictimaiyyətinə yayılıb. Bundan əlavə, Almaniyanın müxtəlif bölgələrində Şuşanın işğalının 20 illiyi ilə bağlı tədbirlər həyata keçirilib.

Həmin gün Berlində fəaliyyət göstərən Azərbaycan Evində Şuşanın işğalının 20 illiyi ilə bağlı "Şuşa - ağrılarımızın şəhəri " adlı tədbir keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) dəstəyi ilə gerçəkləşən tədbirdə əvvəlcə AAKM-in icraçı direktoru Samiə Patser-İsmayılova tərəfindən iştirakçılara Şuşanın Azərbaycan mədəniyyətində yeri barədə geniş məlumat verilib. Tədbirdə çıxış edən Azərbaycan səfiri P.Şahbazov Şuşa şəhərinin işğalının Azərbaycan xalqının mənəviyyatına böyük zərbə vurduğunu, insanların bu işğal faktı ilə hələ də barışa bilmədiyini bildirib. O, işğal olunmuş torpağın xalqımıza çoxsaylı böyük şəxsiyyətlər bəxş etdiyini vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin bu işğal faktorunun tam şəkildə aradan qaldırılmasına yönəldiyini qeyd edib.

Səfir, eləcə də ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrildiyini, işğal olunmuş əraziləri qısa müddət ərzində azad etməyə qadir ordunun formalaşdığını ifadə edib. Onun sözlərinə görə, ölkə rəhbərliyi sülh imkanlarının hələ də tam tükənmədiyinə ümid edərək, münaqişənin sülh yolu ilə həll olunması ilə bağlı danışıqları davam etdirir.

Tədbirdə çıxış edən Potsdam Universitetinin professoru Vilfrid Furman Şuşa ilə bağlı əldə etdiyi məlumatları tədbir iştirakçıları ilə bölüşüb, onun Azərbaycan xalqı üçün əhəmiyyətindən bəhs edib. Tədbirin sonunda iştirakçılara "Şuşanın dağları başı dumanlı" adlı film-klip nümayiş etdirilib.

Şuşanın işğalının 20 illiyi ilə bağlı daha bir tədbir cari ilin 5 may tarixində Zaxhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət cəmiyyəti tərəfindən Maqdeburq şəhərində keçirilib. Tədbirdə iştirakçılar Şuşa şəhərinin tarixi, müasir vəziyyəti, işğalın nəticələri ilə bağlı geniş məlumat əldə ediblər.

Xəbər lenti

Xəbər lenti