...

Aİ-nin xüsusi nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsi regionun inkişafını və inteqrasiyasını məhdudlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2012 17:25 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqiyə nail olmaq üçün münaqişə tərəflərinin siyasi liderlərinin cəsarəti və qətiyyəti lazımdır.
Aİ-nin xüsusi nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsi regionun inkişafını və inteqrasiyasını məhdudlaşdırır

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqiyə nail olmaq üçün münaqişə tərəflərinin siyasi liderlərinin cəsarəti və qətiyyəti lazımdır. Trend-in "Armenia Today"ə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefor Yerevan Dövlət Universitetinin Avropa Araşdırmaları Mərkəzinin professor-müəllim heyəti ilə görüşündə bildirib.

Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafı və inteqrasiyasını xeyli məhdudlaşdırdığını qeyd edən Lefor buna baxmayaraq, əminliyini bildirib ki, mürəkkəbliyindən asılı olmayaraq həlli qeyri-mümkün olan münaqişə yoxdur.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün alət Aİ-nin həyata keçirilməsinə kömək etməyə hazır olduğu Madrid prinsipləridir.

O, həmçinin ictimai dialoqun vacibliyini də vurğulayıb və əlavə edib ki, Aİ proqramlar vasitəsilə bu məsələdə də kömək etməyə hazırdır.

Leforun sözlərinə görə, ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun formatında dəyişikliklərin edilməsi bütün danışıqlar prosesini heçə endirə bilər.

"Avropa İttifaqında təşkilatın Dağlıq Qarabağ münaqişəsində rolu haqqında müzakirələr aparılır. Fransanın Aİ ilə dəyişdirilməsi məsələsi də müzakirə edilib, lakin Fransanın Aİ ilə əvəz edilməsi bir sıra səbəblərdən mümkün deyil", - o bildirib.

Lefor vurğulayıb ki, snayperlər tərəfindən insanların öldürülməsi faciədir. Onun sözlərinə görə, Aİ Gürcüstanda danışıqlar təcrübəsini nəzərə alaraq, vəziyyətin yaxşılaşmasına kömək etməyə çalışır. O xatırladıb ki, hazırda ATƏT-ə mürəkkəb münaqişənin nizamlanmasında təcrübəsi olan İrlandiya sədrlik edir.

"Lakin əsas olan tərəflərin bundan sonra vəziyyətin belə davam etməsinin mümkünsüzlüyünü dərk etmələridir, daim müharibənin yenidən başlayacağı qorxusu altında yaşamaq olmaz", - Lefor deyib.

Xəbər lenti

Xəbər lenti