...

Elnur Aslanov: Minsk qrupu münaqişənin həllində daha fəal olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2012 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu münaqişənin həllində daha fəal olmalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

Onun sözlərinə görə, Minsk qrupu Ermənistanı Azərbaycan ərazilərini işğaldan azad etməyə vadar etməlidir.

"Nəinki Minsk qrupu, eləcə də bu qrupa daxil olan ölkələr fəallıq göstərməlidir. Biz bununla bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə səslənmişik. Ərazi bütövlüyünün pozulmasına, beynəlxalq hüquqa zidd olan addımlar atılmasına, bir dövlət tərəfindən başqa bir dövlətə qarşı təcavüzün həyata keçirilməsinə son qoyulmalıdır. Necə olur ki, bir halda BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi bir neçə saat ərzində həyata keçirilir? Çox təəssüflər olsun ki, illərdir ki, Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bircə cümləsi də yerinə yetirilmir", - Aslanov bildirib.

Şöbə müdiri qeyd edib ki, bir çox dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həllində passiv mövqe nümayiş etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti