...

Cəmil Çiçək: Türkiyənin xarici siyasətində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı dəyişiklik qeyri-mümkündür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2012 13:49 (UTC +04:00)
Qafqazda sülhün bərpası Dağlıq Qarabağ probleminin həlli ilə mümkündür və Türkiyə bunu hər zaman açıq şəkildə ifadə edir. Türkiyənin bu məsələdə xarici siyasətində hər hansı dəyişiklik qeyri-mümkündür.
Cəmil Çiçək: Türkiyənin xarici siyasətində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı dəyişiklik qeyri-mümkündür

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Qafqazda sülhün bərpası Dağlıq Qarabağ probleminin həlli ilə mümkündür və Türkiyə bunu hər zaman açıq şəkildə ifadə edir. Türkiyənin bu məsələdə xarici siyasətində hər hansı dəyişiklik qeyri-mümkündür. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək deyib.

TBMM sədrinin sözlərinə görə, Türkiyənin xarici siyasətində prioritet mövzulardan biri Qafqaz və Qafqaz daxilində isə Dağlıq Qarabağ probleminin həlli məsələsidir. Çiçək bildirib ki, Türkiyə keçirdiyi bütün görüşlərdə, beynəlxalq təşkilatlarda, konfranslarda hər zaman bu mövzunu gündəmdə saxlamaqla yanaşı, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqınların öz yurdlarına dönməsi üçün əlindən gələni etməkdədir.

Azərbaycanın dost və qardaş ölkə olduğunu deyən Çiçək bildirib ki, iki ölkənin əlaqələri maraqlar üzərində qurulmayıb, qardaşlıq münasibətləridir.

"Məhz bu səbəbdən Türkiyə və Azərbaycan əlaqələrinin hər sahədə strateji olması üçün əlimizdən gələni edirik", - TBMM sədri əlavə edib.

Qeyd edək ki, Çiçək Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iclasında iştirak etmək üçün Bakıya gəlib. Səfər çərçivəsində Çiçəyin bir sıra rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti