Azərbaycan, Bakı, 22 fevral /Trend/
Fevralın 21-də ABŞ-ın paytaxtı Vaşinqtonda çap edilən "The Hill" qəzetində bu ölkədə yaşayan həmyerlimiz, ABŞ Azərbaycanlılar Şəbəkəsinin Direktorlar Şurasının həmtəsisçisi və üzvü Adil Bağırovun Xocalı soyqırımına həsr olunmuş geniş məqaləsi dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, yazı "Xocalı faciəsi tanınmağa layiqdir" adı ilə qəzetin "Konqres" bölməsində yer alıb. Məqalədə amerikalı oxucuya 21 il əvvəl Ermənistan silahlı qüvvələrinin 613 nəfəri bir gecədə qətlə yetirdiyi soyqırım haqda ətraflı məlumat verilir və qətliam Avropada ən böyük müharibə cinayəti adlandırılır. Müəllif beynəlxalq media və insan haqları qruplarının müharibə cinayətində hadisələrin detallarını təfərrüatı ilə söyləməsinə baxmayaraq, günahkarların hələ də cəzasız qalmasından narahatlığını bildirir.
Adil Bağırov daha sonra yanvarın 26-da Ağ Evin "Biz Xalqıq " veb səhifəsində yerləşdirilmiş və qısa vaxtda 125,000 imza toplamış petisiyaya diqqət çəkərək Obama administrasiyasını Xocalı faciəsini anmağa çağırır. Müəllifin fikrincə, bir çox amillər Prezident Obamanı bu addımı atmağa sövq etməlidir: Azərbaycan uzun müddətdir Kosovo, İraq və Əfqanıstanda ABŞ ilə çiyin-çiyinə xidmət edir və bu ölkə strateji, eləcə də coğrafi-iqtisadi əhəmiyyətli ərazidir. Bundan başqa, Çex Respublikası, Almaniya, Pakistan, Kolumbiya və Meksika rəsmi olaraq Xocalı faciəsini anıb və qəbul edib. ABŞ-ın 8 ştatı da 2010-cu ildən bəri Xocalı soyqrımını tanıyıb və ildönümünü qeyd edib.
Qeyd edək ki, "The Hill" qəzeti Kapitolidə ən çox tirajla yayılan qəzet kimi tanınır. Qəzetin internet səhifəsi və konkret siyası, strateji məsələlərə həsr olunan 11 bloqu var.
http://thehill.com/blogs/congress-blog/foreign-policy/284237-khojaly-massacre-deserves-recognition