...

Azərbaycanda bütün məscidlərdə Qarabağ azanı səsləndirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 15:11 (UTC +04:00)
"Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" kampaniyası çərçivəsində bu gün bütün ölkə boyu məscidlərdə günorta namazında Qazi Qarabağ azanı səsləndirilib.
Azərbaycanda bütün məscidlərdə Qarabağ azanı səsləndirilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

"Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" kampaniyası çərçivəsində bu gün bütün ölkə boyu məscidlərdə günorta namazında Qazi Qarabağ azanı səsləndirilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir.

Komitədən verilən məluamata görə, Xocalı soyqırımının ildönümü ərəfəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, "Xocalıya Ədalət" Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası və Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İB-nin dəstəyi ilə həyata keçirilən "Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində bu gün bütün ölkə boyu məscidlərdə günorta namazında Qazi Qarabağ azanı səsləndirilib. Belə ki, indiyənədək Bakı və Sumqayıt şəhərləri üzrə 20-dən çox, ölkəmizin digər regionlarında 50-dən artıq dini icma bu kampaniyaya qoşulub və proses davam edir.

Xatırladaq ki, kampaniya çərçivəsində fevralın 22-də Ağdamın Çəməli kəndində, cəhbənin 2 kilometrliyində yerləşən "Cümşüd" məscidində sözügedən azan səsləndirilib. Həmin tədbirdə DQİDK sədri Elşad İskəndərov tərəfindən irəli sürülən təşəbbüs dini icmalar tərəfindən dəstəklənib. Belə ki, Dövlət Komitəsinin sədri Qazi Qarabağ azanının ən azı həftədə bir gün - Cümə günləri ölkənin bütün məscidlərindən səsləndirilməsi təşəbbüsünü irəli sürüb.

Bundan başqa, Xocalı soyqırımı günü adıçəkilən azanın ölkə məscidləri ilə yanaşı, dünyanın 30-dan çox ölkəsində keçiriləcək anım tədbirlərində, o cümlədən müsəlman ölkələri olan Türkiyə, İran, Pakistanda da səsləndirilməsi təşəbbüsü irəli sürülüb və tədbirdə iştirak edən xarici ölkələrin səfirliklərinin nümayəndələri tərəfindən dəstəklənib.

Xatırladaq ki, Qazi Qarabağ azanı işğaldan əvvəl Ağdam və Şuşa "Cümə" məscidlərindən səsləndirilən son azandır. Azan Qarabağın məşhur simalarından olan Hacı Hafiz Sədrzadə tərəfindən səsləndirilib və lentə köçürülüb. 20 ildən sonra dini icmaların irəli sürdüyü təşəbbüslə qeyd olunan azanın cəhbə bölgəsində səsləndirilməsi Dövlət Komitəsi tərəfindən dəstəklənib.

Qeyd edək ki, "Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" kampaniyasının əsas məqsədi ölkədə fəaliyyət göstərən dini icmalarda, o cümlədən ictimaiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti