...

İndoneziya parlamenti Xocalı soyqırımı ilə bağlı sənəd imzalayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2013 10:52 (UTC +04:00)
Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev İndoneziya parlamentinin Birinci komissiyasının sədri Mahfuz Sıddıq ilə görüşüb.
İndoneziya parlamenti Xocalı soyqırımı ilə bağlı sənəd imzalayacaq

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev İndoneziya parlamentinin Birinci komissiyasının sədri Mahfuz Sıddıq ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü səfirlikdən bildirilib.

Görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzündən, habelə bu təcavüz zamanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərdən, xüsusilə də Xocalı soyqırımı haqqında qarşı tərəfə geniş məlumat verilib.

Daha sonra səfir Qarayev 2012-ci ilin yanvar ayında İƏT ölkələrinin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində baş tutmuş konfransını və bu konfrans zamanı Xocalı soyqırımının üzv ölkələrin parlamentləri tərəfindən tanınmasına dair qəbul olunmuş qətnamənin yerli dildə tərcüməsini qarşı tərəfə təqdim edib.

Bununla da, həmin konfransa ev sahibliyi və sədrlik etmiş İndoneziya Parlamentinin qeyd olunan qətnamənin icrasının təminatçısı şəklində çıxış etməsini və bu qətnaməni icra etməklə bütün İƏT ölkələrinə nümunə olmasını istədiyini bildirib.

Sıddıq Azərbaycanın Papua məsələsində İndoneziyaya hər zaman dəstək nümayiş etdirdiyini bildirərək, indi sıranın İndoneziya tərəfində olduğunu və Xocalı soyqırımının İndoneziya parlamenti tərəfindən tanınması üçün əlindən gələn bütün köməklikləri göstərəcəyini qeyd edib. Sonra M.Sıddıq media nümayəndələrinə Xocalı soyqırımı haqqında məlumat verərək qardaş Azərbaycana dəstək göstərəcəklərini və onun parlamentdə müzakirəyə çıxarılacağını bir daha vurğulayıb və bunun üçün hazırlanmış müraciətin komissiya üzvləri tərəfindən imzalanacağını bildirib.

Bundan əlavə, prosesin bir hissəsi olaraq, yaxın günlərdə parlamentin binasında bütün media mənsubları və komissiyanın üzvlərinin qarşısında səfirliyin iştirakı ilə Xocalı soyqırımı haqqında ictimai müzakirələr, sual-cavab, şəkil sərgisi və təqdimatlar təşkil olunacağını və sonda Xocalı soyqırımı haqqında video nümayiş olunacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti