...

Şuşanın işğal edilməsinin 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2013 18:17 (UTC +04:00)
Bu gün Təhsil Nazirliyi, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şuşa rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 21-ci ildönümünə həsr olunmuş “Şuşa - əsirlikdə olan mədəniyyət şəhərimiz” adlı anım tədbiri keçirilib.
Şuşanın işğal edilməsinin 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Bu gün Təhsil Nazirliyi, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi və Şuşa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şuşa rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 21-ci ildönümünə həsr olunmuş "Şuşa - əsirlikdə olan mədəniyyət şəhərimiz" adlı anım tədbiri keçirilib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirlərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin, dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, QHT nümayəndələrinin və Şuşa rayon ictimaiyyətinin işirakı ilə keçirilən tədbir İlyas Əfəndiyev adına "Elitar Gimanziya"da baş tutub.

Qonaqlar əvvəlcə məktəbin həyətində və foyesində Şuşanın tarixindən və mədəniyyətindən bəhs edən sərgi ilə tanış olub, daha sonra onlara Şuşa şəhərinin tarixinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin sədri, icma rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq qonaqlara erməni qəsbkarların Azərbaycan xalqının başına gətirdiyi faciələrdən və Şuşanın işğal olunmasından danışıb. Səfərov bildirib ki, Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağ bölgəsi çox zəngin tarixi və mədəniyyəti ilə bütün dünayada tanınır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyona yaxın məcburi köçkünün öz doğma yurd-yuvasından didərgin düşməsi ilə yanaşı, bu ərazilərdəki mədəni irsimizə də ağır zərbə vurulub, tarixi abidələr talan edilib. Bu baxımdan dünya mədəniyyət irsinin nadir nümunələri sayılan Qarabağdakı, o cümlədən Şuşadakı mədəniyyət nümunələrimizin talan edilməsi dünya ictimaiyyətinin də daim diqqət mərkəzində olmalıdır.

Bayram Səfərov həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artıq iyirmi ildən çoxdur cəhdlər edən beynəlxalq qurumlar ikili standartlara yol verir və münaqişənin həllində qətiyyətli mövqe göstərmirlər: "Lakin Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz əminik ki, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bayrağı Şuşada, Xankəndində dalğalanacaq".

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Məmməd Məhərrəmov çıxış edərək tədbirlə bağlı təəssüratlarını bölüşüb və qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə, soyqrımı siyasəti və Azərbaycan xalqının başına gətirilən bu cür hadisələr daima dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Sonra Milli Məclisin deputatı və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının idarə heyətinin üzvü Elman Məmmədov çıxış edərək tədbirdə iştirak edən xarici ölkə səfirlərini, beynəlxalq qurumların nümayəndələrini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmağa çağırıb.

Sonda tədbir iştirakçılarına Şuşa Dram Teatrının və Şuşadan olan məktəblilərin birgə hazırladığı ədəbi-bədii kompazisiya nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti