Azərbaycan, Bakı, 27 may/Trend/
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin imzaladıqları bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yanaşmalar və İranın nüvə proqramı ətrafındakı vəziyyət əks olunub. Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bişkekdə iclasın yekunları üzrə çıxışında bildirib.
Nazir deyib: "Xarici işlər nazirləri əsas beynəlxalq məsələlər üzrə bəyanat imzalayıblar. Bəyanatda Suriya böhranına, İranın nüvə proqramı ətrafında mövcud vəziyyətə, Əfqanıstanla bağlı vəziyyətə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, digər aktual məsələlərə yanaşmalar əks olunub".
Onun sözlərinə görə, xarici işlər və müdafiə nazirləri, Təhlükəsizlik şuralarının katiblərinin birgə görüşündə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi mexanizmlərinin və kollektiv qüvvələrin çevik reaksiyası xətti ilə sülhməramlı mexanizmlərin inkişafına dair tapşırıqlar nəzərdən keçirilib.
Lavrov əlavə edib ki, 2013-cü ilin ikinci yarısı-2014-cü ilin birinci yarısı üçün xarici siyasət, təhlükəsizlik və müdafiə sahəsində Məsləhətlər planı imzalanıb.