Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir S.Əhmədova/
Azərbaycanın ərazi bütövlüyü mümkün qədər tez bir zamanda bərpa olunmalıdır. Bu baxımdan Ermənistan hərbi qüvvələri işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonları tərk etməlidir. Bu barədə Avropa Parlamentinin Vətəndaş Azadlığı, Ədalət və Daxili İşlər Komitəsinin üzvü, Sənaye, Araşdırma və Energetika Komitəsi sədrinin müavini, Rumıniyadan olan deputat Loan Enciu Avropa-Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən bildirib.
Enciu qeyd edib: "BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 4 məlum qətnaməsi Azərbaycan torpaqlarının Ermənistan hərbi qüvvələri tərəfindən işğalına və beynəlxalq hüququn pozulmasına dəlalət edir. Avropa Şurasının Parlament Assambleyası, eləcə də Avropa Parlamenti bu məsələdə aydın yanaşma sərgiləyib".
O vurğulayıb ki, beynəlxalq aləmdə Dağlıq Qarabağın müstəqilliyi tanınmayıb: "Nəticə etibarilə, Avropa İttifaqı (Aİ) bu bölgədə keçirilən heç bir "parlament seçkisi"ni tanımayıb. Münaqişəsinin sülh yolu ilə həlli, qaçqın və məcburi köçkünlərin geri qayıtması yalnız Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə mümkün ola bilər".
Deputat deyib ki, Aİ ilə Azərbaycan arasındakı əlaqələr Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsü nəticəsində əhəmiyyətli dərəcədə formalaşıb:
"Genişlənmə və Qonşuluq Siyasəti üzrə Aİ komissarı Ştefan Füle 3 may 2013-cü ildə Bakıda bəyan edib ki, bu tərəfdaşlıq daha da inkişaf etdirilməlidir. Bu, yalnız Avropa enerji təhlükəsizliyi və "Cənub dəhlizi"nin genişləndirilməsi məsələsini əhatə etmir. Bura iqtisadi, mədəni və təhlükəsizlik məsələləri də daxildir. Cənubi Qafqazda sabitliyin təmin olunması üçün Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində bərpa olunmalıdır".
Avropa Parlamentinin üzvü həmçinin bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistan hərbi qüvvələrinin çıxarılması ilə yanaşı, sülh və sabitliyin ilk şərti kimi, münaqişəyə cəlb olunmuş hər iki tərəfin istəyi, hər şeydən öncə, danışıqlar olmalıdır:
"BMT və ATƏT-in Minsk qrupu münaqişənin həllinə müxtəlif səviyyələrdə cəlb olunub. Aİ, sözsüz ki, Şərq Tərəfdaşlığı kontekstində məsələnin siyasi yolla həllinə cəhd etməlidir. Dağlıq Qarabağ münaqişəsi iyirmi ildir ki, öz həllini tapmayıb. Odur ki, qüvvələri səfərbər edərək, səylərin danışıqların davam etdirilməsinə yönəldilməsi vacibdir".