...

Bahar Muradova: Slovakiya Parlamentinin spikeri Frantişek Mikloşko özünün ermənilərin siyasi alətinə çevrilməsinə rəvac verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Avqust 2013 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir M.Əliyev/

Qarabağ Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Kimlərinsə bu torpağı xristanlığın məkanı kimi təqdim etməsi tamamilə yanlış hərəkətdir. Trend-in məlumatına görə, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova hakim partiyanın saytına Slovakiya Parlamentinin sabiq spikeri Frantişek Mikloşkonun fikirlərinə münasibət bildirərkən deyib.

B.Muradova qeyd edib ki, bir ölkə rəsmisinin belə mövqe ortaya qoyması təəssüf doğurur. Onun fikrincə, görünür, bu, Slovakiya rəsmisinin Azərbaycan tarixini bilməməsindən, sadəcə dini təmayüllərə üstünlük verərək dediyi sözlərdir:

"Qarabağı xristanlığın məkanı olması və digər bu kimi fikirlər səsləndirməklə Frantişek Mikloşko özünün ermənilərin siyasi alətinə çevrilməsinə rəvac verir. Əlbəttə ki, Azərbaycanın müvafiq qurumları bu tipli məsələlərlə bağlı qəti mövqe bildirirlər. Amma bütün hallarda Slovakiya Parlamentinin spikerinin belə fikirləri Qarabağın tarixi, bu günü və gələcəyi ilə bağlı hansısa dəyişiklik vəd etmir. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar Ermənistanın hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşüblər. İndi orada təkcə ermənilərin yaşaması o demək deyil ki, azərbaycanlılar öz torpaqlarına qayıtmayacaqlar".

Vitse-spikerin sözlərinə görə, ümumilikdə isə Frantişek Mikloşko çox yanlış və yerində deyilməmiş fikir söyləyib: "Bu, nəinki problemin həllinə kömək etmir. Əksinə ərazi iddiaları, hərbi təcavüzlə müşayiət olunan münaqişəni dini istiqamətə yönəltmək cəhdidir ki, bu da çox zərərlidir. Azərbaycan bütün dinlərin bir məkanda çox azad, səmimi münasibətdə yaşadığı tolerant ölkədir. Azərbaycanın tolerantlığı dünyaya nümunədir. Görünür, müəyyən dairələr bunu görmək istəmirlər, amma bütün hallarda bu kimi zərərli fikirlər özünə yer tapa bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti